![]() |
|
Gələn həftə Ukrayna Avropa İttifaqı ilə Moskvanı təcrid etmək üçün yeni, genişmiqyaslı addımlar, o cümlədən Rusiya aktivlərinin müsadirəsi və Rusiya neftinin alıcılarına qarşı sanksiyaların tətbiqi barədə müzakirələrə başlayacaq.
Məlumatı Reuters yayıb.
Bildirilir ki, bu, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən imtina etməsi fonunda və ona cavab olaraq atılacaq addımdır.
Nəşr qeyd edib ki, Aİ-yə veriləcək sənəd ABŞ-ın bu prosesdə rolu qeyri-müəyyənləşdiyi üçün Rusiyaya qarşı sanksiyalarla bağlı daha aqressiv və müstəqil mövqe nümayiş etdirməyə çağırır.
40 səhifəlik sənəddə Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya çatdırılmasını təmin edəcək qanun layihəsi də var. Sanksiya altında olanlar daha sonra Rusiyadan təzminat tələb edə biləcəklər. Aİ sanksiyaların öz ərazisindən kənarda daha sərt tətbiqini təmin etmək üçün bir sıra addımları nəzərdən keçirməlidir, o cümlədən onun texnologiyasından Rusiyaya kömək üçün istifadə edən xarici şirkətləri hədəfə almaq və “Rusiya neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etmək”: “Hindistan və Çin kimi böyük alıcıları vura biləcək bu cür ikinci dərəcəli sanksiyalar, Avropanın indiyə qədər atmaqda tərəddüd etdiyi böyük addım ola bilər”.
Sənəd həm də sanksiyaların elə mexanizmini nəzərdə tutur ki, ayrı-ayrı Aİ-yə üzv dövlət tərəfindən bloklana bilməsin.
Xatırladaq ki, bazar ertəsi Putinlə söhbətindən sonra Tramp Avropa liderlərinin və Ukraynanın gözləntilərinə rəğmən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməmək qərarına gəlib. Aİ və Böyük Britaniya danışıqların səhəri günü Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Eyni zamanda, onlar ABŞ-ın onlara qoşulacağına hələ də ümid edirlər, lakin Vaşinqton olmadan da Rusiyaya təzyiq göstərə biləcəkləri yolları açıq şəkildə müzakirə edirlər.
Ermənistanın spikeri Alen Simonyan jurnalistlərə verdiyi müsahibədə sabiq prezident, Xocalı qatili Robert Köçəryanı cinayətkar adlandırıb.
“Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan deyib ki, Robert Köçəryanın hakimiyyəti dövründə onlarla siyasi qətllər baş verib.
“Ermənistan baş prokuroru Henrik Xaçaturyan öz kabinetində, prokuror Aram Karapetyan, müdafiə nazirinin müavini Vahram Xorxoruni 1998-ci ildə öz yaşayış binasında güllələnib və sair”, - o bildirib.
Koncoryan 27 oktyabr (parlamentdə qətliam) və 1 mart (etirazçı xalqa divan tutulmasl) hadisələrini də xatırladıb.
Şübhəsiz ki, Köçəryanın əli ən çox azərbaycanlıların qanına batıb. O, Xocalı soyqırımının iştirakçısı və təşkilatçılarındandır.
Onu da bildirək ki, Ermənistanın daha bir eks-prezidenti, Xocalı qatili Serj Sərkisyan da həbslə üzə-üzə qalıb. Ona qarşı yeni ittiham irəli sürülüb.
İttihama görə, Serj Sərkisyan İsakov prospektindəki bəzi torpaq sahələrini Köçəryana məxsus “Toyota-Yerevan” şirkətinə keçirmək üçün ucuz qiymətə satıb.
Yada salaq ki, Paşinyan hakimiyyətə yeni gəldiyi vaxtlarda Köçəryanı həbs etdirmişdi. Sonra o, Rusiya prezidentinin xahişi ilə azad olundu. Hazirda isə onun həbsi üçün zəmin var.
Bu dəfə necə olacaq? Paşinyan Putinin dostunu həbs etdirəcəkmi? Simonyanın bəyanatının reallaşması nə dərəcədə yüksək ehtimaldır?
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Köçəryanın son dövrlər Ermənistanda aktivləşməsi Rusiyanın Cənubi Qafqazda təhlükəli planlar qurduğunun işartısıdır. Erməni xalqının da qanına bais olan Köçəryanın Putinin dostu olması onu, göründüyü kimi, təkcə cəzadan qorumur, həm də siyasi iddalar ortaya qoymağa cürətləndirir. Paşinyan hakimiyyətə gələndə bu qatili həbs etdirsə də, Putinin təzyiqi ilə həbsxanada saxlaya bilmədi. Ermənistanda da onun Rusiyanın agenti olduğunu yaxşı bilirlər. Təsadüfi deyil ki, Paşinyan onu “Rusiyanın agenti” adlandırmaqla əsl kimliyini bir daha ifşa etmiş oldu. Köçəryanın həbs edilməsi ədalətli olardı. Onun Azərbaycan dövlətinə və xalqına qarşı həyata keçirdiyi saysız-hesabsız ağır cinayətlər mötəbər dəlil və faktlarla sübuta yetirilib. Onun barəsində İnterpol xətti ilə qırmızı bülletenlə axtarış qərarı verilib. Təəssüf ki, Putinin himayəsinə sığınan bu cinayətkarı İnterpol indiyədək həbs edib, Azərbaycana təhvil verməyib. Təkcə Köçəryan deyil, Azərbaycan tərəfindən İnterpol xətti ilə axtarışa verilən heç bir erməni cinayətkar tutularaq Azərbaycana ekstradisiya edilməyib.
Köçəryanın azadlıqda qalması Paşinyan hakimiyyəti üçün başağrısı və problemlər yaradır. Sabiq prezident revanşistlərə güvənərək, onları ətrafına toplamaqla baş nazirə qarşı real güc mərkəzi yaratmağa çalışır. Gələn il keçiriləcək seçkilərdə Köçəryan güclü rəqib olmaq üçün indidən kampaniyaya başlayıb. Ona Rusiya da hər cür dəstək verir. İlkin mərhələdə hədəf Paşinyanın onsuz da zəif və sistemsiz olan siyasətinin qarşısını almaq, regionda gərginliyi saxlamaqdır. Paşinyan iqtidarı Köçəryanı həbs etsə də, Kremlin təzyiqləri ilə onu uzun müddət orada saxlaması çətin olacaq. Rusiyanın Paşinyana qarşı planlarını pozmağın yeganə və effektiv yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, dövlətlərarası münasibətləri qurmaq və sülh sazişini imzalamaqdır. Erməni baş nazirinin xilas yolu Parisdə, Brüsseldə, hətta Moskvada da deyil, Bakı və Ankaradadır. Şübhə etmirəm ki, əli günahsız azərbaycanlıların qanına batmış Köçəryan da digər məsləkdaşları kimi Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verməli olacaq. Bu gün Azərbaycanın gücü və nüfuzu, artan qüdrəti imkan verir ki, təkcə Köçəryanı deyil, digər qatilləri də istintaqa cəlb etsin".
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının fikrincə, Putin istənilən vaxt dostunu qurban verə bilər: “Köçəryan prezident olduğu dövrdə Nikol Paşinyanı həbs etdirmişdi. Paşinyan bir neçə il həbsdə yatıb. O, hakimiyyətə gələn kimi Köçəryanı həbs etdirdi, ancaq Putinin zəngindən sonra onu həbsdən buraxdı. Bu iki şəxs arasında qısasçılıq hissi və bir-birinə nifrət var. Simonyanın Ermənistanın sabiq prezidentinin "əli qana batıb" fikri həmin düşmənçiliyin göstəricisidir.
Yəqin ki, yenidən Paşinyan Köçəryanı həbs etmək haqqında düşünür. Çünki Paşinyan istəmir ki, 2026-cı ildə Ermənistanda keçiriləcək seçkidə Köçəryan da olsun. Rəqibi sıradan çıxartmaq istəyir. Ancaq biz özümüz də Köçəryanın beynəxalq məkhəmə qarşısında cəzalanmasına nail olacağıq. Çünki Köçəryanın əli ən çox azərbaycanlıların qanına batıb. O, Xocalı soyqırımının iştirakçısı və təşkilatçılarındandır. Bu hərbi cani çoxdan Bakıda mühakimə edilməli idi. Amma heç olmasa, İrəvanda onu həbs edib məhkəməyə çıxarsınlar. Putin istənilən vaxt Köçəryanı qurban verə bilər. Paşinyan Putinin tapşırıqlarını yerinə yetirərsə, Köçəryanın həbsi baş verə bilər. Neçə deyərlər, siyasətdə daimi dost və ya düşmən olmur, siyasətdə daimi maraqlar olur.
İranın ali dini liderinin açıqlaması nəyin xəbərçisidir?
“İran uranın zənginləşdirilməsi üçün heç kimdən icazə almayacaq”. Bunu İranın ali dini rəhbəri Əli Xamenei deyib.
“Qarşı tərəfə xəbərdarlıq etmək istərdim: vasitəçilər vasitəsilə bu danışıqlarda iştirak edən ABŞ nümayəndələri boş-boş danışmamağa çalışsınlar. İrana uranı zənginləşdirməyə imkan verməyəcəyinizi söyləmək böyük səhvdir. Bizə heç kimin icazəsi lazım deyil. Növbəti dəfə mən İran xalqına izah edəcəyəm ki, onlar niyə uranın zənginləşdirilməsinə bu qədər diqqət yetirirlər, niyə Qərb, ABŞ və başqaları İranda zənginləşdirmə prosesinin dayandırılmasında israrlıdırlar”, - ölkənin dini rəhbəri bildirib.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bundan əvvəl Vaşinqtonun Tehrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmasını tələb etdiyini açıqlayıb. Həmçinin ABŞ Prezidenti Donald Tramp İrana nüvə silahı əldə etməyə imkan verməyəcəklərini söyləmişdi.
İranın ali dini liderinin bu açıqlaması Omanda keçirilən danışıqların üstündən xətt çəkmiş oldu. Bura qədər ABŞ-İran dialoqu gedirdi. Lakin Xameneinin son açıqlaması vəziyyəti xeyli dərəcədə tündləşdirdi. Tramp dəfələrlə bəyan edib ki, İran nüvə silahına sahiblənmək istəsə, onu pis aqibət gözləyəcək.
“Onlara məktub göndərdim və bildirdim ki, ya bir qərar qəbul etməli, ya da bu məsələni müzakirə etməliyik. Əks halda, İranın başına çox pis bir şey gələcək. Mən bunu istəmirəm”, - ABŞ Prezidenti martın 28-də vurğulayıb.
Bu arada, ABŞ kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını göstərən yeni kəşfiyyat məlumatı əldə edib. Məlumatı CNN Amerika rəsmilərinə istinadən yayıb. Mənbələr bildiriblər ki, İsrailin İranın nüvə obyektinə zərbə endirməsi ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb: “Tramp tərəfindən müzakirə edilən və İranın bütün uranını əlindən çıxarmayan ABŞ-İran sazişinin perspektivi zərbə ehtimalını artırır”.
Telekanalın qeyd etdiyinə görə, ələ keçirilən İsrail rabitə məlumatları və İsrail hərbi hərəkətlərinin müşahidələri zərbənin hazırlandığını göstərir.
Bu arada rəsmilər bildiriblər ki, İsrail liderlərinin mümkün zərbə ilə bağlı yekun qərar verib-vermədiyi hələ aydın deyil.
Eyni zamanda telekanalın Amerika mənbələrindən biri xəbər verib ki, İsrail liderləri zərbə endirmək qərarına gələrsə, ABŞ yardım göstərməyə hazır olmaq üçün kəşfiyyat məlumatlarının toplanması işini gücləndirir.
Öz növbəsində, digər həmsöhbət qeyd edib ki, Tehran hansısa böyük təxribata əl atmasa, ABŞ çətin ki, İsrailə İranın nüvə obyektlərinə zərbə endirməkdə kömək etsin. Onun sözlərinə görə, İsrail Amerikanın köməyi olmadan İranın nüvə proqramını məhv edə bilməz.
İsrailli mənbə CNN-ə bildirib ki, əgər ABŞ İranla İsrailin qəbul etmədiyi “pis razılaşma”ya gedərsə, İsrail təkbaşına hərbi əməliyyatlar keçirməyə hazır olacaq.
Bəs belə bir vəziyyətdə İranın ali lideri Xameneinin bu açıqlaması nəyin mesajıdır?
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədri Mütəllim Rəhimlinin “Yeni Müsavat”a müsahibəsində dediyinə görə, İran dünya siyasətinin nəbzini dəqiqliklə tutur və bəyanatlarını da buna uyğun verir: “Ötən 20 il müddətində biz İranın siyasətində geri çəkilmələri, neytrallığı və hətta ötkəmliyi müşahidə etmişik. Bununla belə, İran heç vaxt teokratik hakimiyyətindən əl çəkməyib, ABŞ isə bəyan edir ki, İranın apardığı siyasət region və dünya üçün təhlükə yaradıb. İran taktiki siyasətində hər zaman dəyişiklik etsə də, strateji məqsədlərini dəyişmir. Xameneinin açıqlaması ABŞ-ın zəif damarını tutduğuna görə hökm kimi səslənir. Özünün dünyanın super gücü olan ABŞ-dan çəkinmədiyini bütün dünyaya bəyan edir. Bu, ABŞ-dan daha çox müttəfiqlərinə, İrana qarşı köklənmək istəyənlərə bir mesajdır. Xamenei İranın hökmranlığını nümayis etdirmək istəyindədir. Suriyadan vurulub çıxarılan İrana bu indi olduqca vacibdir. İran ABŞ-la gərgin və anlaşılmaz münasibətlərindən istifadə edərək özünün siyasi kombinasiyalarını həyata keçirir. Bir növ ABŞ-la münasibətlərindən öz maraqları üçün ustalıqla istifadə edir. İran uranın zənginləşdirilməsini davam etdirir və bunu nüvə silahına yararlı olacaq qədər etmədiyini bildirir. Lakin buna heç bir qarantiya yoxdur. Gorünən budur ki, İran nüvə silahı əldə etməkdə qərarlıdir. Bu niyyətini də çox ustalıqla, gizli və siyasi güclər arasında zamanı-zaman meydana çıxan gərginliklərdən bəhrələnərək həyata keçirir”.
Siyasətçi qeyd etdi ki, ABŞ-ın İrana hərbi zərbələr endirəcəyini iddia etmək çətindir: “İsrailin təkidlərinə baxmayaraq, ABŞ-ın İrana hava zərbələri endirmədiyini, əksinə, danışıqlara başladığını da unutmamalıyıq. Üstəlik, bu günlərdə Qırmızı dənizdə ABŞ-ın zədə almış təyyarədaşıyan gəmisinin İranın zəmanəti ilə oranı tərk etdiyini də yaddan çıxarmamalıyıq. Bütün bunlar ABŞ-İran münasibətlərinin gorünməyən tərəfləridir”.
Rusiya ordusu dörd kamikadzenin Suriyadakı hərbi bazaya hücumunu dəf edib və onlardan üçünü öldürüb.
“Mash” Telegram kanalını xəbər verir ki, hadisə mayın 21-də səhər saatlarında Xmeymim aviabazasından uzaqda olmayan Latakiya şəhərində baş verib. Radikallar mühafizə postlarını yarmağa çalışsalar da, onlar dəf edilib. Atışma nəticəsində hücum edənlərdən 3-ü öldürülüb.
Artıq hücum edənlərin kimliyi müəyyən edilib. İlkin olaraq onların hamısının Özbəkistandan olduğu və Suriyanın yeni hökumətini tanımayan silahlı qruplaşmanın üzvləridir.
Azərbaycan və Ermənistan arasında real münaqişə riski var və bunun qarşısını almağa çalışırıq.
Bunu ABŞ dövlət katibi Marko Rubio Konqresinin Nümayəndələr Palatasında ABŞ Konqresində Tom Lantos Komissiyasının həmsədri, konqresmen Kristofer Smitin sualını cavablandırarkən deyib.
"Azərbaycana gəlincə, bizim əsas məqsədimiz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasıdır. Biz qarşısını almağa çalışdığımız real münaqişə riski var. Komandalarımız bu istiqamətdə fəal işləyir, biz nəsə etməyə və silahlı müdaxilənin qarşısını almağa çalışırıq", - Marko Rubio qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı İsrailə başsağlığı verib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk. Qorxu və parçalama yaratmaq məqsədi daşıyan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib.
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, həmin şəxs 30 yaşlı Elias Rodrigesdir.
İlkin məlumata görə, Çikaqodan olan Rodrigesin daha əvvəllər məhkumluğu olmayıb.
Vaşinqtonun polis rəisi Pamela Smitin sözlərinə görə, güllələnən diplomatlardan biri qadın, digəri isə kişi olub. Hadisə onlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. Smit qeyd edib ki, E.Rodriges saxlanılarkən Fələstin lehinə şüarlar səsləndirib.
“CNN”, həmçinin qeyd edib ki, o, saxlanılan zaman hadisəni törətdiyini etiraf edib və silahı hara atdığını bildirib.
Hadisə şahidləri isə qeyd edib ki, Rodriges israilli diplomatlara atəş açdıqdan sonra muzeyə daxil olmaq istəyib, lakin mühafizə tərəfindən içəri buraxılmayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində küçələrdən birində uca səslə nalayiq ifadələr səsləndirən şəxs saxlanılıb.
“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, Petroqrad Rayon Məhkəməsi sözügedən şəxsin iki sutka müddətinə həbs edilməsinə qərar verib.
Məlumata görə, hadisə dünən axşam saatlarında qeydə alınıb. Belə ki, naməlum şəxs Bolşaya Zelenina küçəsində uca səslə nalayiq ifadələr səsləndirib.
Qeyd olunub ki, həmin vaxt ərazidə olan Azərbaycanın konsulu Rəhim Rəhimzadə o şəxsə iradını bildirsə də, vətəndaş buna məhəl qoymayıb.
Nəticədə o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Adı açıqlanmayan şəxs əməlini etiraf edib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda İsrail səfirliyinin əməkdaşlarının güllələnərək öldürülməsinə münasibət bildirib.
O bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Açıq-aşkar antisemitizmə əsaslanan dəhşətli qətllər dərhal dayandırılmalıdır! ABŞ-də nifrət və radikalizmə yer yoxdu. Həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə şeylərin baş verməsi çox təəssüf doğurur!”, - deyə Amerika lideri bildirib.
ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.
“Qafqazifo” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.
“Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, - deyə Noem qeyd edib.
İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib.
O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: