|
ABŞ-ın hazırladığı yeni sanksiyalar Rusiyanın dövlət banklarına böyük zərbə vura bilər.
Axar.az xəbər verir ki, bunu “Blomberq” agentliyinə açıqlamasında “Barklays” bankının analitiki Liza Yeremenko deyib.
“Rusiyaya qarşı sanksiyaların ən sərt variantı bu ölkənin bankları üçün bütün tranzaksiyaların total şəkildə qadağan edilməsi ola bilər. Bu, Rusiyanın dövlət borcuna qarşı tətbiq edilən sanksiyalardan daha qorxuludur. Hələlik bu məsələ çox bulanıqdır və bununla bağlı bənd yalnız qanun layihəsinin qəbulu zamanı dəqiqləşəcək. Hələlik qanun layihəsinin ictimaiyyətə bəlli olan hissəsindən görünür ki, sanksiyalar Rusiyanın bir neçə maliyyə institutuna toxuna bilər. Bunlar sırasında “Sberbank”, VTB, “Vneşekonombank”, “Qazprombank”, “Promsvyazbank”, “Rosselxozbank” ola bilər. Sanksiyaların ilkin versiyasına əsasən onu demək olar ki, ABŞ Rusiyaya təzyiqləri artırıb, ona mühüm zərər vurmağa hazırlaşır”, – deyə o bildirib.
Qeyd edək ki, avqustun 2-də ABŞ Senatına Rusiyaya qarşı yeni sanksiyalar paketi haqqında qanun layihəsi təqdim edilib. Qanun layihəsində xüsusilə Rusiyanın dövlət borcuna qarşı sanksiyaların tətbiqi məsələsi yer alır.