|
ABŞ İrana qarşı sanksiyaların ilk mərhələsinə start verdi.
Ardınca Prezidenti Donald Tramp sanksiyalara əməl etmədən İranla ticarət aparacaq ölkələrin ABŞ-la heç bir əməkdaşlıq edə bilməyəcəyi haqqında qərar qəbul etdi. Vaşinqton İrana qarşı sanksiyaların ikinci mərhələsinə noyabrda start verməyi planlaşdırır.
Hazırda tətbiq edilən sanksiyalara İranın ABŞ dollarına çıxışının qarşısının alınması, dövlət istiqrazlarının satılması, qızıl, almaz və digər qiymətli metallar, polad, alüminium, kömür, həmçinin İrana idxal edilən təyyarə və ya onun detalları, gəmiqayırma sahəsi daxildir. Bununla yanaşı, xarici şirkətlərin İranın avtomobil sektoruna girməsinin qarşısını alacaq cəzalar, əl istehsalı olan xalçaların, şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracı da sanksiyalarla qadağan hesab olunur. İkinci mərhələdə isə enerji sektoruna sanksiya tətbiq ediləcəyi gözlənilir. ABŞ-ın bu addımı bütün dünyada daşları yerindən oynatdı, xüsusilə Azərbaycanın da yerləşdiyi regionun gələcəyinə dair qayğılar yaratdı.
Axar.az xəbər verir ki, Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri mövzu ilə əlaqədar fikirlərini Publika.az-la bölüşüb:
- Tramp artıq İrana hücumun ilk mərhələsini başladı. Bunun nəticələrini necə olacaq?
- Əslində İrana sanksiyalar ABŞ-ın taktiki gedişidir. Yəni əvvəlcə bir ölkəyə qarşı sözlə təzyiqlər edilir, sonra bu əmələ keçir, iqtisadi yöndə sanksiyalar tətbiq edilir, sonrakı mərhələdə bu daha da gücləndirilir və beləliklə həmin ölkəni “diz çökdürmək” istəyirlər. ABŞ Şimali Koreyaya eyni taktikanı tətbiq etdi və hazırda konkret nəticələr olmasa da, nisbətən istəyinə nail oldu. İrana qarşı məsələdə isə Amerika daha geniş müstəvidə hərəkət edir və təkcə İrana yox, Avropa İttifaqı ölkələrinə, eləcə də Türkiyəyə hücuma keçir. Hesab edirəm ki, ABŞ sanksiyalarının İrana təsiri dünya gücləri və digər ölkələrin davranışından asılı olacaq. ABŞ İranla nüvə sazişindən birtərəfli çəkilsə də, saziş qüvvədədir. Çünki Almaniya, Fransa, İngiltərə kimi Avropanın güclü ölkələri nüvə sazişindən çıxmayıblar. Nüvə sazişi imzalanandan sonra bu ölkələr və onların böyük firmaları İrana investisiya qoydu. İndi də yatırımlarının zərər görməməsi üçün ABŞ-a qarşı çıxırlar.
- Yəni İranın imkanları və alternativləri daha sağlamdır?
- Bəli, sanksiyalara qarşı İran ABŞ-ın rəqibi olan ölkələrə doğru istiqamətlənəcək. Bu gün ən böyük alternativ BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələridir. Çin, Rusiya, Hindistan sanksiyaları dəstəkləməyəcəklər. Türkiyə də İrana qarşı ABŞ-la eyni cəbhədə olmayacağını bəyan edib. Avropa İttifaqı da Trampın əleyhinə çıxır. Əgər bu ölkələr sona qədər belə davam edəcəklərsə, ABŞ-ın sanksiyaları İran iqtisadiyyatı üçün o qədər də faciəvi olmayacaq. Əslində Trampın sanksiyaların tətbiqindən sonra qəbul etdiyi yeni qərar da digər ölkələrə xəbərdarlıq idi. Məhz ABŞ-ın qərarına qarşı çıxan ölkələr Trampın təzyiqindən çəkinmədən İranla əməkdaşlığa davam edəcəklərsə, sanksiyaların ciddi təsiri olmayacaq. İndi sanksiyaların ikinci mərhələsi gəlir, ABŞ noyabrda bunu tətbiq edəcəyini bildirib. Noyabr ayına qədər digər ölkələrin İrana münasibəti daha aydın şəkildə bəlli olacaq.
- Demək olar ki, dünyanın böyük dövlətləri Trampın İran siyasətinə qarşı çıxdı və bu ABŞ-ın dövlət maraqlarına uyğun gəlmir. Lakin buna rəğmən, Tramp öz siyasətindən əl çəkmək niyyətində də deyil. Sizcə, onun ABŞ-ın dövlət maraqlarına zidd addımlar atmasının səbəbi nədir?
- Burada təhlükəli amil kimi ABŞ dövlət rəhbərliyini ələ keçirən evanqelist dini təriqəti görünür. ABŞ rəhbərliyində təmsil olunan evanqelistlərin böyük əksəriyyətinin ikili vətəndaşlığı - həm Amerika, həm İsrail - var. Bununla yanaşı, dini təriqətin aktiv üzvləri Konqresə, Nümayəndələr Palatasına, hətta Pentaqona qədər sızmağı bacarıblar. Evanqelist olan vitse-prezident Mayk Pens və Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun timsalında bunu aydın görmək olur. Onların yürütdüyü siyasət ABŞ dövlət maraqlarına uyğun gəlmir, əksinə özlərinin absurd maraqlarına uyğundur. Təkcə İranla deyil, ABŞ-ın müttəfiqi olan Türkiyə ilə də münasibətlər süni şəkildə gərginləşdirilir. Ortaya keşiş Brunsonu bəhanə olaraq atıblar. Avropa İttifaqı ölkələri ilə ticarət müharibəsi aparırlar. Bütün bu faktlar ABŞ-ın evanqelistlərin təzyiqi ilə yanlış xarici siyasət apardığını göstərir. Hesab edirəm ki, bunun davam etməsi ABŞ-ın qlobal səviyyədə təklənməsinə gətirib çıxaracaq.
- İran bundan əvvəlki dövrdə ABŞ sanksiyalarına dözməyi bacardı. Necə düşünürsünüz, bu dəfə də ayaq üstə qala biləcəkmi?
- Yenə əvvəlki fikrimə qayıdıram, İranın dözməsi digər ölkələrin ona münasibətindən asılıdır. İran bundan əvvəl sanksiyalara məruz qalanda Türkiyə hər şeyə rəğmən iqtisadi münasibətləri davam etdirdi. Rusiya və Çin də eyni mövqe sərgilədi. Bu dəfə də eyni mövqe sərgiləsələr, xüsusilə İngiltərə, Almaniya, Fransa kimi Avropanın böyük ölkələri İranla əməkdaşlıq edəcəksə, ABŞ-ın sanksiyalarının heç bir əhəmiyyəti olmayacaq. Hər şey bu ölkələrin davranışından asılıdır.
- ABŞ-İran qarşıdurması həmişə regionda Azərbaycan amilinin önə çıxmasına səbəb olur. Rəsmi Bakı bundan əvvəl tətbiq olunan sanksiyalar zamanı İrana qarşı platforma olmadı. Bu dəfə də eyni siyasəti yürüdəcəkmi?
- Azərbaycan İrana qarşı sanksiyalara heç vaxt dəstək verməyib və bu dəfə də verməyəcək. Bu, bizim müstəqil xarici siyasət aparmağımızdan irəli gəlir. Lakin burada başqa bir məqam var. Misal üçün, İraq hökuməti İranın onlara bütün dəstəyinə rəğmən bəyan etdi ki, İraq xalqının zərər görməməsi üçün ABŞ-ın sanksiyalarına əməl edəcək. Burada zərər görmək məsələsi xüsusi önəm daşıyır. Azərbaycanın İrana qarşı hücumda iştirak etməyəcəyi dəqiqdir, lakin Bakı özünü də sanksiyaların hədəfinə çevirməyəcək. Yəni Azərbaycan xalqının bundan zərər görməsinə razı olmayacaq. Buna görə də sanksiyalar çərçivəsində İranla əməkdaşlıqda müəyyən məhdudiyyətlər yaşana bilər. Təbii ki, bunu İran anlayışla qarşılamalıdır.