|
ABŞ yaxın müttəfiqi olan Türkiyəni itirə bilməz.
Axar.az xəbər verir ki, bu sözlər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayzanın "Vaşinqton Post" qəzetində nəşr olunan məqaləsində yer alıb.
Brayzanın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Türkiyənin polad və alüminiumuna qoyulan gömrük rüsumunu ikiqat artırması, həmçinin onun Ankara əleyhinə sanksiyaları genişləndirmək planları iki ölkə arasındakı gərginliyi kritik həddə çatdırıb.
“Bu, NATO müttəfiqinə maksimum zərər vurmağı hədəfləyən gözlənilməz və düşmən davranışdır”, - diplomat Trampın fəaliyyətini qiymətləndirib.
Brayzanın fikrincə ABŞ rəhbərliyinin Türkiyə iqtisadiyyatını çökdürmək məqsədi daşıyan qərarları, Ankara ilə müttəfiqlik münasibətlərindən imtina etməyə bərabərdir.
“Türkiyədən imtina edərək Tramp ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətini inkar edir, İŞİD-ə qarşı koalisiyanın hələlik yekunlaşmamış təşəbbüslərini təhlükə altında qoyur. Halbuki son məlumatlar bu terror qruplaşmasının yenidən səhnəyə qayıtmaq üçün planlar qurduğunu ortaya qoyur”, - Brayza yazıb.
Ekspert ABŞ-ın Türkiyə ilə müttəfiqlikdən imtina etməsini mümkünsüz edən bir sıra səbəblərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu səbəblərdən biri ABŞ-ın xaricdə yerləşən əsas bazalarından hesab olunan Türkiyədə yerləşən İncirlik hərbi bazasıdır.
“23 illik diplomatiya karyeramın 13 ilini Yaxın Şərqdə keçirən biri kimi bu bazanın son dərəcədə önəmli olduğuna əminəm. İŞİD mövcud olduğu müddətdə müharibə sona çatmaqdan çox uzaqdadır”, - Brayza qeyd edib.