|
Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, neytral ölkədir, tarazlaşdırılmış xarici siyasət yürüdür.
Azərbaycan heç bir halda hansısa dövlətə qarşı hazırlamış layihədə iştirak etmir. Eyni zamanda, ölkəmiz Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalarda iştirakçı deyil. Azərbaycan yalnız öz problemlərinin həlli ilə məşğuldur və dövlətlərlə ikitərəfli münasibətlər qurur, bloklara qoşulmur.
Politoloq Qabil Hüseynli belə düşünür.
Axar.az politoloqun Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Məlum olduğu kimi, Almaniya kansleri Angela Merkel Azərbaycan və bölgənin digər dövlətlərinə səfər edəcək. Sizcə, Almaniya kimi böyük bir dövlətin başçısını regiona gətirən əsas səbəb nədir?
- Merkel Avropa İttifaqının lokomotivi rolunu oynayan bir dövlətin başçısıdır. Digər yandan, son zamanlar Avropa İttifaqı regionun lider dövləti kimi Azərbaycana maraq göstərməyə başlayıb. Avropa İttifaqı birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhədləri daxilində həllini dəstəkləyir.
Azərbaycan isə ittifaqla münasibətlərini genişləndirib. Buna görə də hesab edirəm ki, ilin sonlarına doğru Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli münasibətləri əks etdirən saziş imzalanması üçün hazır olacaq. Hazırda bu sənəd üzərində ciddi iş gedir. Qənaətimə görə, Azərbaycan yaxın tarixdə Avropa İttifaqı ilə bu sənədi imzalayacaq.
Qənaətimə görə, Merkel və Avropa İttifaqı strateji tərəfdaş kimi Azərbaycana böyük əhəmiyyət verirlər. Çünki Azərbaycanın Cənub Qaz Dəhlizi (TANAP) xətti Avropa bazarına Rusiya qazına alternativ kimi çıxarılır. Gələcəkdə Türkmənistan qazının da bu xətt vasitəsilə Avropa bazarına çıxarılması ehtimalı böyükdür.
2020-ci ilədək Azərbaycan Avropa bazarına 30-32 milyard kubmetr qaz çıxarmaq gücünə malik olacaq ki, bu da ölkəmizin Avropa İttifaqı ilə iqtisadi əlaqələrinin önəmli hissəsini təşkil edəcək. Buna görə də Avropa İttifaqı ilə yanaşı, ABŞ da Azərbaycana böyük perspektivi olan strateji tərəfdaş kimi baxır.
Qərb Bakı – Tiflis – Qars (BTQ) dəmir yolu və Xəzər dənizi vasitəsilə də Avropa və Asiya qitələrini birləşdirən geocoğrafi məkan kimi Azərbaycana əhəmiyyət verir. Buna görə də Avropa İttifaqı digər məsələlərlə yanaşı, insan haqları və demokratiya sahələrində də Azərbaycanla yaxından əməkdaşlıq etmək arzusundadır. Çünki Qərb uzun illərdir Azərbaycanı Avropa ölkəsi kimi qəbul edir.
Hesab edirəm ki, Angela Merkelin Azərbaycana səfərində enerji layihələri ilə yanaşı, bu məsələlər də müzakirə ediləcək.
- Hesab edirsinizmi ki, Avropa İttifaqı ilə müvafiq sənədin imzalanmasıyla Qərbdən Azərbaycana və bu ölkəni narahat edən məsələlərin – məsələn, Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət artacaq?
- Azərbaycan artıq diqqət mərkəzindədir. İslam Əməkdaşlıq Təşkilatından sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ikinci qurum Avropa İttifaqı olub. İttifaq 2013-cü ildə keçirilən zirvəsində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğuladı.
Avropa İttifaqının Xarici siyasət komissiyasının ali nümayəndəsi Federika Mogerini dəfələrlə Dağlıq Qarabağ və ətrafındakı əraziləri Azərbaycanın sərhədləri daxilində tanıdıqlarını və münaqişənin yalnız bu istiqamətdə həll edilə biləcəyinin vacibliyini bildirib. Bundan sonra isə NATO-nun son toplantılarının hamısında Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.
NATO-nun ötən ilin sonlarında Varşavada, keçən ay isə Brüsseldəki sammitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edildi. Beləliklə, NATO Avropa İttifaqından sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq qurumlardan biri oldu.
BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, NATO və Avropa İttifaqının bəyanatlarını, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının müvafiq sənədlərini nəzərə alsaq, həm Azərbaycanın özünün səyləri, həm də indiyədək mövcud olan standartların dəyişməsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllində beynəlxalq dəstəyin təmin edildiyini görə bilərik.
Digər yandan, NATO və Avropa İttifaqı dövlətləri ilə yanaşı, Azərbaycan və ABŞ arasındakı münasibətlər də bu və digər istiqamətlərdə intensiv şəkildə inkişaf edir. Həmin dövlətlər Azərbaycana lazım olan dəstəyi verirlər. Hesab edirəm ki, Azərbaycanın Qərbə inteqrasiya siyasəti bəlli bir hüquqi bazaya oturacaq ki, bu da Avropa İttifaqı ilə imzalanacaq ikitərəfli saziş olacaq.
- Bəs NATO və Avropa İttifaqının Gürcüstan və Ukrayna ilə yanaşı, Azərbaycana da artan marağı keçmiş sovet coğrafiyasını, yaxud MDB məkanını Qərb və Rusiyanın geosiyasi mübarizə meydanına çevirə bilərmi?
- Belə bir məqam var. Bu, Gürcüstanla bağlı ortaya çıxdı. Gürcüstan ərazilərinin bir hissəsini itirsə də, Qərbə inteqrasiya istiqamtində cəsarətli addımlar atdı. Qərb Gürcüstanı bütün parametrlər üzrə müdafiə edir. Bu ölkəni NATO-ya üzv etmək üçün əlindən gələni etməyə çalışır. Təsadüfi deyil ki, NATO-nun Gürcüstanda xüsusi qərargahı var və blokun burada hərbi təlimləri keçirilir. Bu təlimlərdə Azərbaycan da iştirak edib.
Hakimiyyət dəyişikliyindən sonra Ermənistan da NATO və Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atmağa başlayıb. Doğrudur, Nikol Paşinyana qədər Serj Sərkisyan Avropa İttifaqı ilə müvafiq sənədi imzalanmışdı, amma burada Rusiyanın xeyir-duası olmuşdu.
Amma Paşinyan Rusiyaya meydan oxuyurmuş kimi Ermənistanı Avropa strukturlarına yaxınlaşdırır və cəmiyyətdə bu məsələdə onu ciddi-cəhdlə dəstəkləyir.
Əlbəttə, Azərbaycan Avropa İttifaqına yönəlik ehtiyatlı siyasət yürüdür. ABŞ və Avropanın da Azərbaycana marağı daha böyükdür. Çünki Azərbaycan təkcə bölgənin zəngin karbohidrogen ehtiyatları olan ölkəsi yox, həm də Avrasiya materikində mühüm nəqliyyat infrastrukturları olan ölkə kimi də Qərbin diqqətini özünə çəkir. Bu gün Əfqanıstanda olan NATO qoşunlarının təchizatı Azərbaycan üzərindən həyata keçirilir. Bundan başqa, Azərbaycanın hərbi kontingenti Əfqanıstanda NATO-nun sülhmərmalı qoşunları tərkibində asayişin qorunmasında iştirak edir.
Azərbaycan Qoşulmama Hərəkatının üzvü olsa da, Avropa İttifaqı və ABŞ-la yanaşı, Rusiya ilə də yaxın qonşuluq əlaqələrini inkişaf etdirir. Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız üçüncü bir dövlətə yönəlməyib. Azərbaycan NATO-ya daxil olmaq haqqında hansısa mesaj verməyib. Azərbaycanın Qərb dövlətləri ilə əlaqələri sırf ticari və iqtisadi xarakterlidir.
Avropa İttifaqı və ABŞ da energetika və iqtisadi sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu baxımdan, Rusiya Qərbin Azərbaycana yaxınlaşmasından narahatdır. Rusiyanı narahat edən əsas məsələ isə NATO-nun bölgədə boy göstərməsidir. Amma Azərbaycan NATO-nun hərbi-siyasi yox, humanitar layihələrində iştirak edir.
- Bəs mövcud geosiyasi şərtlər Azərbaycanın “Rus NATO-su”na - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü üçün uyğundurmu?
- Zənnimcə, şərtlər Azərbaycanın KTMT-ya üzv olması üçün uyğun deyil. Bu, nəzəri cəhətdən mümkündür, amma hələlik bunu praktik cəhətdən gerçəkləşdirilməsini şərtləndirən situasiya yoxdur.
Azərbaycan Avrasiya İttifaqı və KTMT-yə o halda meyillənə bilər ki, əzəli torpaqlarımız – Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar geri qaytarılmaqla, ərazi bütövlüyümüz bərpa olunacaq. Yalnız bu münaqişənin kompleks həllindən sonra Azərbaycan Avrasiya İttifaqı və KTMT ilə danışıqlara gedə və üzvlük məsələsini müzakirə edə bilər.
- Region dövlətləri – Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan ətrafında gedən geosiyasi proseslər Azərbaycana hansı formada təsir edə bilər?
- Əlbəttə, Azərbaycanı regionun kontekstindən çıxarmaq mümkün deyil. Heç kəsə sirr deyil ki, Avropa və ABŞ-ın hədəfə aldıqları Rusiya və İranla münasibətlərini tezliklə qaydaya salmaq mümkün olmayacaq. Əsas hədəfdə İran kimi görünsə də, ABŞ – Rusiya cəbhəsində vəziyyət daha gərgindir. Bu gərginlik hər iki ölkənin iqtisadiyyatına, sosial vəziyyət və ictimai münasibətlərə ciddi təsir göstərir.
Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, neytral ölkədir, tarazlaşdırılmış xarici siyasət yürüdür. Azərbaycan heç bir halda hansısa dövlətə qarşı hazırlamış layihədə iştirak etmir. Eyni zamanda, ölkəmiz Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalarda iştirakçı deyil. Azərbaycan yalnız öz problemlərinin həlli ilə məşğuldur və dövlətlərlə ikitərəfli münasibətlər qurur, bloklara qoşulmur. Hərbi fəaliyyətini də ancaq öz ərazilərini işğal etmiş Ermənistana qarşı yönəldib, digər dövlətlərlə olan münasibətlərini bərabərhüquqlu əsaslarla inkişaf etdirir.
Bu baxımdan, bölgədə gedən proseslərin Azərbaycana müəyyən təsirləri ola bilər, amma Azərbaycanın iqtisadi potensialı bu zərərləri kompensasiya etməyə imkan verir.
- Heç kəsə sirr deyil ki, Qərb, yaxud ABŞ bölgədə nüfuz dairəsini genişləndirmək üçün aktiv fəaliyyətə keçib. Bu məqamda 5 Xəzəryanı dövlət arasında bu dənizin hüquqi statusunun müəyyən edilməsinə dair konvensiya imzalandı.
Belə desək, Rusiya Qərbin nüfuz dairəsini genişləndirmək cəhdlərinə qarşı konvensiyada iştirak edən bu dövlətləri hansısa formata cəlb etmək təşəbbüsünü irəli sürə bilərmi? Nəzərə almaq lazımdır ki, konvensiya Xəzəryanı dövlətlər arasında birgə əməkdaşlıq üçün geniş imkanlar yarada bilər.
- Rusiya hələ də özünün imperiya siyasətindən əl çəkməyib. Sanki Rusiya müasirləşə bilmir, yaxud bunu istəmir. Rusiyanın imperiya ambisiyasının əsas hədəfi keçmiş SSRİ coğrafiyasındakı nüfuzunu qoruyub saxlamaq, həmçinin Yaxın Şərq kimi dünyanın digər bölgələrində Qərblə hərbi-siyasi rəqabətə girməkdir. Bununla da bu bölgədə yerləşən dövlətlərdə öz təsir mexanizmlərini genişləndirmək niyyətindədir.
Bəli, Xəzərin hüquqi statusuna dair konvensiya imzalandı və bunun Azərbaycan üçün əhəmiyyətli tərəfləri var. Amma Rusiya bu konvensiyadan istifadə edərək, Xəzər dənizini öz xeyirinə hərbiləşdirmək niyyətini də ortaya qoymaq istəyir. Digər yandan, Rusiya ekoloji məsələləri bəhanə edərək, Azərbaycanın Xəzərin dibi ilə boru kəməri çəkmək istəyinə də mane olmaq niyyətindədir. Əlbəttə, Rusiyanın bu cəhdləri Qərbin diqqətini çəkir və bölgəyə olan marağını artırır. Buna görə də, Qərb bu bölgə ilə daha ciddi şəkildə məşğul olmağa başlayıb.
Azərbaycan bundan sonra da öz iqtisadiyyatının inkişaf etdirilməsi, Xəzərdə öz payına düşən karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaqla məşğul olacaq. Azərbaycan Rusiya və İran kimi bölgədə təhdidlərlə öz nüfuz dairəsini genişləndirmək niyyətində deyil.
Ölkəmizin əsas hədəfləri öz ərazi bütövlüyünü bərpa etmək, iqtisadiyyatını daha da inkişaf etdirmək, əhalisinin rifah halını yüksəltmək və inkişaf etmiş müasir dövlətlər sırasında yerini qorumaqdır.