|
Ermənistan blokada şəraitində yaşamağa məhkumdur.
Axar.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, Ermənistan parlamentində təmsil olunan Respublikaçılar Partiyasının son bəyanatları bu ölkədə siyasi çöküşün başlandığını göstərir:
“Respublikaçılar Partiyasının parlament fraksiyası da Baş nazir Nikol Paşinyanın əleyhinə bəyanatlar səsləndirməkdə davam edir. Bu partiyanın təmsilçisi, parlamentin vitse-spikeri Eduard Şarmazanov Milli Məclisin baş nazir tərəfindən təklif edilən Konstitusiya dəyişikliklərilə razılaşıb və ya razılaşmayacağını soruşan jurnalistə cavabında dedi ki, Paşinyanın çıxışına artıq reaksiya verib. Eyni zamanda o, partiya olaraq da Paşinyanın keçmiş orqanlara qarşı tətbiq etdiyi hərəkətləri qətiyyətlə pislədiklərini deyib. Şarmazanov əvvəlki hökuməti təqsirləndirən yeni baş nazirin bütün vasitələrdən istifadə edərək, öz postunu qorumağa can atdığını da xüsusi vurğulayıb”.
Analitik vurğulayıb ki, xüsusilə, Şarmazanovun jurnalistlərə verdiyi müsahibə içərisində diqqət çəkən məqamlardan biri də məhz Nikol Paşinyanın diktaturanın və zülmün yolunu getdiyini söyləməsidir:
"Belə nəticəyə gəlmək olar ki, Ermənistan Respublikaçılar Partiyasının nümayəndələri Robert Köçəryanı dəstəkləyir. Şarmazanovun bu cür açıqlamalar verməkdə əsas məqsədi Paşinyanı nüfuzdan salmaq və Robert Köçəryanın siyasi arenaya qayıdışına əlverişli zəmin yaratmaqdır. Bununla da bir növ Respublikaçılar Partiyası tərəfindən Köçəryanın piar işi aparıldığını söyləyə bilərik. Görünür, bu PR işi də öz təsirini göstərir. Belə ki, Robert Köçəryan Rusiyanın NTV telekanalına verdiyi müsahibəsində Paşinyanın əleyhdarlarına əməkdaşlıq mesajı göndərdi və bütün təkliflərə açıq olduğunu bəyan etdi. Köçəryanın fikrincə, o, baş nazirə qarşı güclü cəhbə formalaşdırmaq iqtidarındadır".
Analitik qeyd edib ki, Nikol Paşinyan hökuməti Ermənistanda daxili siyasəti bərbad vəziyyətə salmaqla kifayətlənməyib:
“Paşinyan hökumətinin apardığı yanlış xarici siyasət sentyabrın 15-dən etibarən Gürcüstanla Ermənistan arasında avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçiriləcək buğda və çovdar unu idxalı və ixracının qadağan olunmasına gətirib çıxarıb. Bu da öz növbəsində erməni cəmiyyətində və parlamentində etirazlara səbəb olub. Ermənistan işğalçılıq siyasəti həyata keçirməklə onsuz da regionda blokada vəziyyətində idi və Gürcüstan hökumətinin bu addımı ilə bu vəziyyət daha da gərginləşmiş oldu”.