|
Serj Sərkisyan Köçəryanın dediyi kimi Konstitusiya reformları ucbatından hakimiyyətdən devrilmədi. Bu sadəcə manipulyasiyadır.
Axar.az xəbər verir ki, bunu mediaya açıqlamasında Ermənistanın Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.
“Konstitusiya islahatları, idarəetmə sistemində dəyişiklikləri daimi olaraq digər siyasi qüvvələr tələb edirdilər. Biz bunun hələ zamanının çatmadığını düşünürdük. Sonradan siyasi hadisələr seçki sisteminin majoritar sistemdən proporsional sistemə keçməsinə gətirib çıxardı və bu da parlament idarəçiliyinə keçidin əsaslını qoydu”, – deyə o bildirib.
O, Respublikaçılar Partiyasının bundan sonrakı dönəmdə Köçəryanla əməkdaşlıq edə biləcəyini, amma bunun koalisiya yaratmaq anlamına gəlməyəcəyini deyib.
Qeyd edək ki, Köçəryan bundan öncə NTV-yə müsahibəsində Ermənistandakı inqilabın əsas günahının Serj Sərkisyanın həyata keçirdiyi Konstitusiya reformları olduğunu bildirib. O, siyasətə qayıtdığını və müxalifətin birləşməsi üçün mərkəz rolunu oynaya biləcəyini bildirib.