![]() |
|
Keçmiş prezident Co Baydenin 4 keçmiş əməkdaşı onun psixi vəziyyətinin araşdırılması çərçivəsində Nümayəndələr Palatasının Nəzarət Komitəsində and içərək ifadə verməyə razılaşıb.
Musavat.com xəbər verir ki, məlumatı "Axios" portalı yayıb.
Bildirilir ki, iyun-iyul aylarında Bayden dövründə Ağ Evin Daxili Siyasət Şurasının direktoru vəzifəsində çalışmış Neera Tanden, daha sonra keçmiş birinci xanım Cil Baydenin keçmiş baş müşaviri Entoni Bernal, prezidentin keçmiş xüsusi köməkçisi Eşli Uilyamson və Ağ Evin keçmiş aparat rəhbərinin müavini Enni Tomasini ifadə verəcək.
Portal xatırladır ki, Baydenin şəxsi həkimi Kevin O'Connor keçən həftə könüllü müsahibə tələbini yerinə yetirməkdən imtina etdikdən sonra məhkəmə yolu ilə ifadə verməyə çağırılıb.
Komitə həmçinin prezident administrasiyasının rəhbəri Ron Klain, Baydenin baş məsləhətçiləri Anita Dann və Mayk Donilon, Ağ Evin aparat rəhbərinin müavini Bruce Reed və müşaviri Steve Richetti ilə müsahibə tələb edib.
Dindirilmə indiki prezident Donald Trampın sərəncamı əsasında həyata keçirilir. O, Baydenin hakimiyyətinin son dövrlərində sərəncamlara özünün imza atıb-atmadığının araşdırılmasına dair sərəncam imzalayıb.
Ağ Evin hüquqşünaslarına, Ədliyyə Departamentinə və digər qurumlara, həmçinin "bəzi şəxslərin Baydenin psixi vəziyyəti ilə bağlı ictimaiyyəti çaşdırmaq və prezidentliyin səlahiyyət və vəzifələrini konstitusiyaya zidd şəkildə həyata keçirmək üçün sui-qəsd təşkil edib-etmədiyini" araşdırmaq tapşırılıb.
Bayden Ağ Evin hazırkı rəhbərinin bəyanatlarını təkzib edərək onları "yalan" adlandırıb:
"Açıq deyim: mən prezidentliyim zamanı qərarlar vermişəm. Bunu özümün etmədiyimi nəzərdə tutan hər hansı təklif gülünc və yalandır".