![]() |
|
Hazırda bütün diqqət Ukraynadakı müharibəyə yönəlsə də, bəzi qitə ölkələri Rusiya ordusunun Avropa ilə sərhədləri boyunca artan fəallığından narahatdır.
Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Qərb kəşfiyyatı bildirir ki, Kreml hərbçilərin orduya cəlb edilməsini genişləndirir, silah istehsalını artırır və sərhəd bölgələrində dəmir yol xətlərini modernləşdirir. Xüsusilə Finlandiya ilə sərhəddəki aktivlik Kremlin NATO ilə potensial toqquşma hazırlığının tərkib hissəsi kimi səciyyələndirilir.
Kəşfiyyat məlumatına görə, Ukraynada müharibənin başlamasından əvvəl Rusiya 40-a yaxın T-90M döyüş tankını istehsal edib. İndi ildə təxminən 300 tank istehsal edir. Qeyd olunur ki, bunların heç biri Ukraynaya göndərilmir, sonrakı istifadə üçün Rusiya ərazisində saxlanılır.
Rusiyanın artilleriya, sursat və PUA istehsalının bu il ciddi şəkildə artacağı gözlənilir.
Fevralda Danimarka kəşfiyyatı xəbərdarlıq etmişdi ki, Rusiya NATO-nu zəif hesab edərsə, beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər. Avropalı kəşfiyyat rəsmisi nəşrə deyib ki, Rusiya NATO-nun kiçik bir ölkəsini, məsələn, Rusiya əhalisinin sayının əhəmiyyətli dərəcədə olduğu Estoniyanı işğal edərək alyansın birliyini sınamağa cəhd edə bilər.
Amerikalı analitik Maykl Koffmanın fikrincə, Rusiya 7-10 il ərzində üç keçmiş sovet ölkəsinə (Baltikyanı) - Litva, Latviya və Estoniyaya hücum edəcək.
Materialda vurğulanır ki, Rusiya yenidən silahlanma planlarını NATO ilə sərhədi boyunca yerləşdiriləcək yeni qoşunların ehtiyaclarını ödəmək üçün uyğunlaşdırır. Bu bölmələr yeni avadanlıqlarla təchiz ediləcək.