Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib: "Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik".
Prezident İlham Əliyev deyib ki, Azərbaycan artıq qonşuları ilə birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaradıb:
"Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Bu gün söylədiyim kimi, bu, yalnız başlanğıcdır. Düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq".