|
Rusiya hərbi bölmələri Ukraynanın şərq və cənub sərhədlərində aktivləşdirilib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Şuranın gecə keçirilən toplantısında deyib. O bildirib ki, Rusiya Ukraynaya qarşı 5 ildir hibrid müharibəsi aparır, ancaq ilk dəfədir ki, açıq şəkildə hücum edib.
“Biz gördük ki, Rusiya Silahlı Qüvvələrinin bölmələri və FTX bizim donanmamıza hücum etdi. Ona görə də biz təkcə Qara və Azov dənizlərində deyil, quruda da təhlükə barədə danışırıq. Rusiya ordusunun bizim şimal, şərq və cənub sərhədlərimizdə aktivləşdiyini müşahidə edirik”, - Turçinov deyib.
Məhz buna görə də o, Ukraynada hərbi vəziyyət elan olunmasının gərəkdiyini bildirib.
Qeyd edək ki, bu gecə Bakı vaxtı ilə 02:00-da keçirilən fövqəladə toplantıda Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası 60 günlük hərbi vəziyyət elan edilməsi barədə qərar qəbul edib. Qərar Ali Rada tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Ali Radanın fövqəladə toplantısı bu gün yerli vaxtla 16::00-a təyin edilib.