|
Hayastan Fondunun Los-Ancelesdə keçirdiyi illik telemarafon Ermənistanda yeni söz-söhbətin yaranmasına səbəb olub.
Axar.az xəbər verir ki, bu il keçirilən telemarafon əvvəlki dövrlərdən xeyli fərqlənib. Belə ki, builki tədbirdə Rusiyadakı diaspor nümayəndələrindən heç bir ianə verilməyib. Ən böyük ianələr İran, Avropa və ABŞ-dakı diaspor nümayəndələri tərəfindən bağışlanıb.
Builki telemarafonda toplanan yardım əslində son 10 ilin ikinci ən aşağı maliyyə yardımı olub. Son 12 il ərzində telemarafonlar zamanı toplanan maliyyə yardımları ümumilikdə 220 milyon dollar təşkil edib. Ümumiyyətlə, telemarafonda ən az maliyyə yardımı (10,4 milyon dollar) 2015-ci ildə - Rusiyaya qarşı sanksiyaların ən kəskin olduğu və neft qiymətlərinin həddən artıq ucuzlaşdığı vaxtda olub. Son 12 ildə toplanan məbləğ aşağıdakı kimidir:
Telemarafon 2006 - 13,7 milyon dollar;
Telemarafon 2007 – 15,3 milyon dollar;
Telemarafon 2008 – 35 milyon dollar;
Telemarafon 2009 – 15,9 milyon dollar;
Telemarafon 2010 – 21,9 milyon dollar;
Telemarafon 2011 – 12,3 milyon dollar;
Telemarafon 2012 – 21,4 milyon dollar;
Telemarafon 2013 – 22,7 milyon dollar;
Telemarafon 2014 – 12,4 milyon dollar;
Telemarafon 2015 – 10,4 milyon dollar;
Telemarafon 2016 – 15,4 milyon dollar;
Telemarafon 2017 – 12,5 milyon dollar;
Telemarafon 2018 – 11,1 milyon dollar.
Rusiyadakı erməni diasporunun daha nüfuzlu nümayəndələri telemarafonda praktik olaraq 2008-ci ildən iştirak etməyə başlayıblar. Serj Sərkisyanın hakimiyyətə gəldiyi dönəmə düşən bu tarixdə dünyanın ən varlı ermənisi sayılan Samvel Karapetyan və onun de-fakto nəzarətində olan erməni iş adamları fonda aktiv pul yardımları ediblər. Məhz onların yardımı nəticəsində Xankəndidə bir sıra layihələri həyata keçirmək mümkün olub.
Təsadüfi deyil ki, ən böyük ianə də məhz 2008-ci ildə toplanıb. Belə ki, bu tarixdə ermənilər 35 milyondan çox pul toplaya biliblər. Bir çox erməni ekspert belə böyük ianənin məhz 1 mart qırğınlarının yaddan çıxarılması və Rusiyanın imicinin yaxşılaşması üçün toplanıldığını iddia ediblər.
Bu yardımlar Rusiya ermənilərinin Ermənistandakı nüfuzunu artırmaqla bərabər, onların hakimiyyətə nəzarəti yüksəltmələrinə də səbəb olub. Ermənistan mətbuatının iddiasına görə, bunun sayəsində onlar 2016-cı ildə Karen Karapetyanı vəzifəyə gətirərək Ermənistana nəzarət etməyə çalışıblar. Karapetyanın vəzifəyə gətirilməsindən az sonra Samvel Karapetyan və nəzarətindəki iş adamları Ermənistana 1 milyard dollar investisiya gətirəcəklərini bildirmişdilər.
“Lragir.am” saytı telemarafonda yaranan vəziyyəti Rusiya ilə əlaqələndirib. Bildirilib ki, Moskvanın sayəsində erməni diasporu daxilində birlik pozulub. Bunun uzun müddətə hesablanan plan olduğu bildirilir.