|
Yəmənə humanitar yardım aparan Türkiyə heyəti Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik qüvvələri tərəfindən girov götürülüb.
Axar.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Agentlik Türkiyə vətəndaşlarının dekabrın 20-də Ədən şəhərinə gedərkən yolda saxlanıldığını yazıb.
Saxlanılan Türkiyə heyətinin üzvləri polis idarəsində dindirildikdən sonra sənədləri əllərindən alınaraq otelə yerləşdirilib. Türkiyə vətəndaşları vəziyyətdən narazı olsalar da, şiddətə məruz qalmadıqlarını bildiriblər.
Xatırladaq ki, 2014-cü ildə Yəməndə başlayan vətəndaş müharibəsində Səudiyyə Ərəbistanı və BƏƏ böyük rol oynayır. Səudiyyə Ərəbistanı liderliyindəki ərəb koalisiyası 2015-ci ilin mart ayından Yəmən hökumətinə dəstək verir. Yəməndəki vətəndaş müharibəsinə görə ölkə əhalisi humanitar yardıma möhtacdır.