|
Son vaxtlar azyaşlı uşaqlarda onurğa sütununun deformasiyaları (skolioz, kifoz, lordoz) artıb.
Bunun bir səbəbi də ibtidai sinif şagirdləri üçün optimal ağırlıqda məktəbli çantalarını seçə bilməməyimizdir.
Axar.az xəbər verir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, uşaqlara çanta alarkan onun bəzəyinə deyil, keyfiyyətinə fikir vermək lazımdır:
“Bəziləri çantaların həm ucuz, həm də sağlamlığa zərərsiz olmasını istəyir. Çanta kürəyə tam oturmalı, hər iki çiyinə eyni cür ağırlıq düşməlidir. Portfeldən istifadə etmək düzgün deyil, çünki ağırlıq bir tərəfə düşəcək. Tez təmizlənmək baxımından çantalar sintetik materialdan olsa, daha yaxşıdır.
Çantanın ağırlığı içərisindəki məktəb ləvazimatları ilə birlikdə uşağın bədən çəkisinin 10 faizini təşkil etməlidir. 6 yaşlı uşağın bədən çəkisini 22 kq götürsək, çantanın ağırlığı 2,2 kq olmalıdır!
Amerika Pediatriya Akademiyası isə aşağıdakı normativləri təqdim edir(məktəb ləvazimatları ilə birlikdə): Birinci sinif - 1,2 kq, ikinci sinif - 1,6 kq, üçüncü sinif - 2,3 kq, dördüncü sinif - 2,6 kq”.