|
Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanma mərasimi həyata keçirilib. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
İlham Əliyev qeyd etdi ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim.
Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi – bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir.
Bu gün mən iclasda qeyd etdim ki, bu il İranla Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Azərbaycan ərazisində bu istiqamətdə bütün işlər başa çatıb və biz yük axınının artmasını gözləyirik. Eynilə, Azərbaycan Avropa və Asiya dəmir yollarını birləşdirən layihəni həyata keçirib və bu dəhlizlə də yük axınının xeyli artmasını gözləyirik. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlardır. Bu, iqtisadi rifahdır, bu, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir.