Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcək. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaq. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.
Elektron plastik ödəniş kartlarını Bakı sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.
Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.
Qeyd edək ki, gediş kartından istifadə qaydaları ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin www.ady.az saytında tanış olmaq olar.