|
“Dəmiryolservis” MMC Dəmir Yolunun aparıcı qüvvəsidir
Dəmir yolunu son iki əsrdə ölkələrin qan damarları adlandırıblar. Bu qiymət heç də əbəs yerə verilməyib. Çünki relslər çəkilən bölgəyə özü ilə inkişaf və rifah gətirir.
Fəaliyyəti XIX əsr sonlarından başlayan Azərbaycan Dəmir Yolunun ölkəmizin inkişaf tarixində mühüm rol oynadığı danılmazdır. Hələ avtomobil yük və sərnişindaşımaları ilk addımlarını atdığı dövrdə bu nəqliyyat növü aparıcı rol oynamış və bu rol Azərbaycan müstəqillik qazandığı dövrdən sonra daha da artmışdır.
Ölkəmizin beynəlxalq yük və sərnişindaşımalar qovşağına çevrilməsi istiqamətində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bu məsələ dövlət strategiyası səviyyəsinə qaldırılmış, sonrakı dövrdə Prezident İlham Əliyev cənabları tərəfindən davam və inkişaf etdirilir.
Təbii ki, bu mühüm nəqliyyat vasitəsinin inkişafı birinci növbədə onun infrastrukturunun bərpa və yenilənməsi ilə bağlıdır.
Bu inkişafı isə hər bir vətəndaş belə görə bilər. Yaxşı yadımdadır, dəmir yolunda işləyən lokomativlər, vaqonlar və ümumilikdə yol infrastrukturunda gedən inkişaf. Kömürlə işləyən paravozu dizel, dəmir yolu elektrikləşdirildikdən sonra isə elektrovozlar, dəmir yolunda taxta şpalları isə yüksək keyfiyyətli beton şpallar əvəz etdi. Bütün bu inkişaf isə son 25 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin baş direktoru, “Dəmiryolservis” MMC-nin rəisi, əməkdar mühəndis, Fəxri dəmiryolçu Əli-Əşrəf Orxan oğlu Lütfəlibəyovun rəhbərliyi, baş direktorun müavini Sahib Quliyevin və baş mühəndis Əfsələddin Gəncəliyevin yüksək təşkilatçılıq bacarığı və kollektivin yüksək əzmkarlıq nümayişi altında reallaşdırılır. Dəmir yolunun infrastrukturu çoxşaxəli olduğu üçün MMC-nin tərkibində müxtəlif struktur bölmələr fəaliyyət göstərir. “Dəmiryolservis”in qarşısında duran vəzifə “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə baş yolların, stansiya və dalan yollarının, o cümlədən digər dövlət və kommersiya təşkilatlarının balansında olan yolların əsaslı təmir-tikinti işlərini kompleks şəklində həyata keçirməkdir.
“Dəmiryolservis”in fəaliyyəti coğrafi baxımdan da genişdir. Bu coğrafiya Azərbaycan Respublikasının müxtəlif bölgələri ilə yanaşı, Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması çərçivəsində Gürcüstan Respublikasının Marabda-Karsaxt bölgəsini, Şimal-Cənub layihəsində isə İran İslam Respublikasında yeni dəmir yolunun çəkilməsi, dəmir yolu və Loqistik mərkəz tikilməsini özündə ehtiva edir.
Qeyd edək ki, işlərin reallaşmasında cənab Əli-Əşrəf Orxan oğlu Lütfəlibəyovun Ümummilli lider Heydər Əliyevin “Kadrlar hər şeyi həll edir” kəlamını rəhbər tutaraq kadrların düzgün seçilib-yerləşdirilməsi istiqamətində həyata keçirdiyi təşkilatçılıq mühüm rol oynamış və bunun da sayəsində qarşıya qoyulan planlar vaxtında, bəzən isə əvvəl reallaşdırılır.
“Dəmiryolservis” MMC-nin kollektivi yüksək işgüzarlıq tempini həmişə saxlayır. Bu baxımdan 2010-2017-ci illərdə görülən işlərə qısaca nəzər salmaq kifayətdir. Belə ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik baş yolların əsaslı təmiri (600 km), Gürcüstan Respublikası ərazisində (183 km), Bakı Sərnişin-Xırdalan-Sumqayıt sərnişin stansiyası istiqamətində (65 km), Şimal-Cənub layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara istiqamətində (26 km) və digər işlər reallaşdırılmışdır.
Görülən işlərlə yanaşı, kollektivi qarşıda daha məsuliyyətli vəzifələr gözləyir. “Dəmiryolservis” MMC baş podratçı qismində “Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt Sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolunun yenidən qurulması layihəsini, o cümlədən Azərbaycan Respublikasının maliyyələşdirdiyi İran İslam Respublikasında çəkiləcək yeni dəmir yolunun tikintisində də iştirak edəcək.
Vurğulayaq ki, görülən işlərin əksəriyyəti kollektivdən təkcə əmək nizam-intizamı deyil, həmçinin bir çox hallarda qeyri-ənənəvi mühəndis yaradıcılığını ortaya qoymağı tələb edir və əməkdaşlar bu işin öhdəsindən də layiqincə gəlirlər.
Kollektivin fədakar əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. “Azərbaycan Dəmir Yolları” QSC idarə heyətinin sədri, millət vəkili Cavid Qurbanovun təqdimatı ilə “Dəmiryolservis” MMC-nin əməkdaşları dəfələrlə yüksək dövlət mükafatları ilə təltif ediliblər.
Əminik ki, kollektiv gələcəkdə də dövlətimizin qarşıya qoyduğu vəzifələri layiqincə yeninə yetirəcək.
P.S. Redaksiyamızın əməkdaşları “Dəmiryolservis” MMC-nin kollektivini qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, onlara fəaliyyətlərində Tanrı dəstəyi arzulayır.
Tahir Günəşli