|
Ermənistana qarşı növbəti cəbhənin açılması üçün yeni imkan; perspektivdə türkdilli dövlətlər Ermənistana qarşı səfərbər oluna, sanksiya qərarları qəbul edə bilər;
politoloq: “Türk dövlətləri hamılıqla birmənalı olaraq Ermənistan təcavüzünü pisləsə, bu, artıq çox ümidverici başlanğıc olardı”.
Məlum olduğu kimi, sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak və çıxış edib. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi builki sammitdə Özbəkistan və Macarıstan da iştirak edib. Bu mənada Azərbaycanın haqq səsinin daha bir neçə ölkə tərəfindən eşidilməsi vacib məsələdir. Düzdür, Özbəkistan indiyədək Ermənistanı müstəqil dövlət kimi tanımır və bu ölkə ilə diplomatik əlaqələr qurmayıb. Amma zirvə toplantısında Azərbaycan prezidentinin türk dövlətlərinə növbəti dəfə xitab etməsi istənilən halda dövlətimizin və millətimizin maraqları baxımından faydalıdır.
Azərbaycan prezidenti İlham Əliyev sammitdə çıxışı zamanı bildirib ki, regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd edib ki, indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Ardınca prezident Ermənistanın işğalçı siyasətindən bəhs edib: “Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər. Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır”.
Dövlət başçısı bildirib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib: “Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır”.
Azərbaycan prezidenti İlham Əliyevin bu çıxışına Türk dövlətlərinin hansı reaksiya verəcəyi, bundan sonra onların Ermənistanla bağlı siyasətinin necə olacağı təbii ki, maraq doğurur. Qeyd etdiyimiz kimi, bəzi dövlətlərin işğalçı Ermənistanla bağlı mövqeyi bəllidir. O cümlədən qardaş Türkiyə Qarabağ məsələsinin ədalətli həllində Azərbaycanın yanındadır. Necə ki, prezident Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində bu barədə ölkəsinin mövqeyini bir daha yüksək tribunadan bəyan edib. “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək”-cənab Ərdoğan bildirib. R.T.Ərdoğan qeyd edib ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycana bütün sahələrdə dəstək göstərəcək. Dövlət başçısı bildirib ki, bütün türkdilli dövlətlər münaqişələrin həllinə və dünyada sabitliyin bərqərar olmasına kömək etməlidir.
Dövlət başçısının dediyi kimi, işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb. İndiyə qədər bir sıra ölkələr və beynəlxalq təşkilatlar prosesdə dinamikanın əldə olunması üçün çalışıblar. Ancaq böyük potensiala malik türkdilli ölkələr də bu prosesdə öz sözünü deyə bilər. Məsələn, Türkiyə beynəlxalq təzyiqlərə baxmayaraq, Ermənistanla sərhədlərini açmaqdan imtina etdi. Həmçinin aprel döyüşlərindən sonra Qazaxıstan lideri Ermənistana qarşı sərgilədiyi münasibətlə hər birimizi məmnun etdi. Lakin bu istiqamətdə digər dövlətlərin də yekdil mövqeyi olarsa, erməni işğalçılarına qarşı təsir imkanları daha da arta bilər. Bir məqamı da xatırladaq ki, “Böyük Ermənistan” ideologiyasının daşıyıcıları təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə türklərə qarşı ərazi iddialarındadırlar və onlar üçün türk düşməndir. Bu mənada bütün dünyada yaşayan 300 milyondan artıq türkün də erməni işğalına və xəstə iddialarına qarşı birləşməsi çox vacib məsələdir. Təbii ki, burada türkdilli dövlətlərin Ermənistana qarşı sanksiyalar tətbiq etməsi də gündəmə gələ və çox böyük nəticələr verə bilər.
Politoloq Elçin Mirzəbəyli də “Yeni Müsavat”a açıqlamasında dedi ki, Türk Şurasının Qırğız Respublikasında keçirilən toplantısında prezident İlham Əliyevin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı çağırışı və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulaması önəmlı və ciddi mesajlardır: “Təəssüf ki, şuranın VI toplantısının yekun nəticələri ilə bağlı sənədlərin tam mətni nə qurumun internet saytında, nə də üzv ölkələrin kütləvi informasiya vasitələrində yayımlanmayıb. Bu səbəbdən də bəyannamədə üzv dövlətlərin ərazi bütövlüyü ilə bağlı xüsusi müddəanın olub-olmadığını söyləmək üçün əlimdə elə bir əsas yoxdur. Münaqişələrin həllində ərazi bütövlüyü amilinin başlıca şərt kimi Türk Şurasının bəyannaməsində də yer alması, Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz olaraq azad edilməsinin vurğulanması təbii ki, arzuolunandır. Bu məsələdə türk dövlətlərinin vahid mövqeyi təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi baxımından deyil, həm də hüquqi president kimi mühüm əhəmiyyət daşıya bilər”.
E.Mirzəbəylinin sözlərinə görə, Türk Şurasının regional və beynəlxalq arenaya geostrateji faktor olaraq atılmasının zamanı gəlib: “Bu amil digər türk dövlətləri, o cümlədən Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üçün də mühüm əhəmiyyət daşıyır. Rusiyanın da bu prosesi anlayışla qəbul edə biləcəyini düşünürəm”.
Politoloqun fikrincə, yaxşı olardı ki, Rusiya da Türk Şurasına Macarıstan kimi müşahidəçi statusu ilə qatılsın: “Rusiya Federasiyasının 10-dan çox subyektinin aborigen əhalisi türk əsillilərdir. Rəsmi statistikada Rusiyada yaşayan türklərin sayı 11 milyondan artıq göstərilir. Bu isə sübuta yetirir ki, türklər Rusiyada say etibarilə ikinci böyük xalqdır. Bu səbəbdən də Rusiyanın Türk Şurasında müşahidəçi statusu ilə iştirakı üçün kifayət qədər əsaslar var. Bu həm də Avrasiya məkanının iki böyük xalqının - türklərin və slavyanların bu nəhəng coğrafiyada sülhü, əmin-amanlığı qorumaları, inkişaf etmələri üçün əlverişli zəmin yaratmış olardı. Şuraya daxil olan ölkələrdən ikisi - Qazaxıstan və Qırğız Respublikası Ermənistanla eyni hərbi-siyasi blokda təmsil olunurlar. Bu ölkələrin, xüsusilə də Qırğız Respublikasının blok çərçivəsində Ermənistanın işğalçılıq siyasətinə qarşı açıq mövqe sərgiləməsi çox vacibdir. Düşünürəm ki, dünyada və regionda yaranmış yeni şərait bu kimi prinsipial məsələlərdə müşahidəçi mövqeyi tutan türk dövlətlərinə də müəyyən təsir göstərəcək”.
Politoloq Hikmət Hacızadə isə qəzetimizə dedi ki, türkdilli ölkələrin həmrəyliyinin formalaşdırılması böyük və olduqca vacib tarixi prosesdir: “Qeyd edim ki, bu ölkələr SSRİ dağılandan sonra əfsus ki, bu mövzuya maraq göstərmirdilər. Əlbəttə, Azərbaycanla Türkiyədən başqa. Amma 2000-cı illərdən etibarən proses intensivləşib. Bunun, məncə, iki səbəbi var. Keçmiş sovet türk respublikalarında kimlik - identifikasiya axtarışlar - yani biz kimik, köklərimiz, tariximiz, qardaşlarımız kimdir və haradadır. İkincisi isə əlbəttə, Rusiyanin neoimperializmi - bu ölkələri öz təsiri altına qaytarmaq cəhdləri və hətta onların torpaqlarının bir hissəsini zəbt eləmək cəhdləri. Bütün bunlar Türk ölkələrini, onların ictimaiyyətlərini və dövlət aparatını oyanıb bu prosesə qoşulmaq və rusun aqressiv siyasətindən qorunmağa məcbur edir. Əminəm ki, proses davam edəcək və sonda xoşməramlı bir birlik yaranacaq. İqtisadi sahədə bizim əməkdaşlığımıza çox da maneə yoxdur. Xarici siyasətdə isə əməkdaşlıq , qarşılıqlı yardım güclənəcək”. H.Hacızadə bildirdi ki, burada ilk öncə, Qarabağ məsələsinə münasibət bir indikator ola bilər: “Türk dövlətləri hamılıqla birmənalı olaraq Ermənistan təcavüzünü pisləsə, bu, artıq çox ümidverici başlanğıc olardı. Ermənistana sanksiyalar tətbiq etmək isə ikinci mərhələdir. Diplomatiyamız yaxşı işləsə, inanıram ki, bu da yaxın gələcəkdə mümkündür”.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti Zirvə toplantısına ev sahibliyi Bakıya həvalə olunub. Yetər ki, Türk dövlətlərinin liderləri həmin toplantıya Ermənistanı yerində oturtmaqla bağlı ciddi qərarlarla gəlsinlər.