Axar.az deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin Musavat.com-a müsahibəsini ixtisarla təqdim edir:

 

- Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü Qarabağ məsələsinin həlli üçün hansı perspektivlər vəd edir? Rusiyanın Azərbaycanın coğrafi mövqeyinə, böyük potensialına önəm verdiyini Putin dəfələrlə bəyan edib. Bəs Azərbaycana verdiyi önəmin qarşılığında Moskva ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe ortaya qoyacaqmı, sizcə?

- Mən əvvəllər də söyləmişdim ki, Dağlıq Qarabağ probleminin həlli üçün biz Rusiya ilə danışmalıyıq. Hazırda Azərbaycan prezidentinin bu istiqamətdə yürütdüyü siyasət doğru siyasətdir. Rusiya ilə yaxınlaşma və Rusiyanın bu məsələdə ədalətli, beynəlxalq hüquqa söykənən mövqe tutmasına nail olmaq üçün əlbəttə, biz Rusiyanın müəyyən maraqlarını nəzərə almalıyıq ki, Rusiya problemin həllində maraqlı olsun. Rusiyada belə bir fikir yaranmasın ki, əgər Dağlıq Qarabağ problemi həll olunarsa, Azərbaycan Rusiyadan sürətlə uzaqlaşacaq. Bunun üçün də Soçidə çoxlu sayda yeni müqavilələr imzalandı. İqtidar artıq yüksək səviyyədə bəyan etdi ki, Azərbaycan KTMT-yə əvvəlcə müşahidəçi statusu ilə qoşula bilər. Bunun üçün əlbəttə, Rusiya müəyyən addımlar atmalıdır. Həmin addımların ən başlıcası budur: Rusiya özünün hərbi-siyasi müttəfiqi Ermənistana deməlidir ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır! Ermənistan buna razılaşmayacağı təqdirdə isə Rusiya Azərbaycana mane olmamalıdır ki, öz torpaqlarını hərbi yolla azad etsin. Hələlik Rusiya rəsmiləri bu sözü demir. Demədiklərinə görə də Azərbaycanın Rusiyanın liderlik etdiyi hərbi, yaxud iqtisadi bloklara qoşulması mümkünsüzdür. Mən hətta bu yaxınlarda müsahibəmdə də demişdim ki, KTMT-də qərarlar konsensusla qəbul olunur. Ermənistanla Rusiya tələb edəcəksə ki, Azərbaycan öz üzərinə problemin sülh yolu ilə həllinə dair öhdəlik götürsün, o halda bu, əslində Azərbaycan üçün bir kapitulyasiya aktı olar. Ona görə ki, KTMT artıq beynəlxalq təşkilat statusu alıb və artıq həmin təşkilata üzvlüklə bağlı Azərbaycan öz üzərinə beynəlxalq öhdəlik götürəcəksə, gələcəkdə müharibə etdiyi təqdirdə bu, həm də beynəlxalq müqavilənin pozulması olacaq. O zaman artıq Rusiyanın əlində hüquqi vasitələr olacaq ki, açıq formada Ermənistanı müdafiə etsin və Azərbaycanı cəzalandırsın. Ona görə də Rusiya ilə öncədən problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair saziş imzalanmalı və parlamentlərdə ratifikasiya olunmalıdır.

- Milli Məclisin komitə sədri Əli Hüseynli də KTMT-yə üzvlüklə bağlı fikirlərini açıqlamışdı və bu, geniş müzakirələrə səbəb oldu. Üzvlüyün fəsadlara səbəb olacağı ilə bağlı fikirlər də az deyil.

- Dəfələrlə müsahibələrimdə vurğulamışam ki, Qarabağın azad olunması qarşılığında Azərbaycanın KTMT-yə üzv olmasında mən heç bir təhlükə görmürəm. Cəmiyyət inkişaf edir, vəziyyət dəyişir.

- Bəs Rusiya necə, dəyişirmi?

- Rusiya dəyişməyibsə də, Ermənistan dəyişib. Bu da ciddi məsələdir. Rusiya Ermənistanı cəzalandıra bilər. Yəni qərbyönümlü qüvvələrin gözünü qırmaq üçün bundan sonra azı 30 il ərzində heç kəs Rusiya əleyhinə danışmasın, yaxud Qərb haqda düşünməsin deyə, Ermənistanı Azərbaycanın əli ilə cəzalandıra bilər. Azərbaycan da çalışmalıdır ki, belə olsun və biz də öz maraqlarımızı təmin edək. Mən hesab edirəm ki, prezidentin yürütdüyü siyasət də buna hesablanıb.

- Hesab etmək olarmı ki, Rusiya və Azərbaycan liderlərinin Soçi görüşü ilə Nikol Paşinyanın Moskvaya çağırılması arasında hansısa əlaqə var?

- Sözsüz ki, əlaqə var. Paşinyanla həm Ermənistanın xarici siyasəti, həm Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi söhbət olacaq. Azərbaycan da Rusiyaya mesajlar verməlidir ki, bizim Rusiya ilə yaxınlaşmağımız Qarabağ probleminin həllindən keçir. Bura ruslar gəlmişdi, mən onlara da dedim ki, biz sizinlə dost olmaq istəyirik. Amma ölkəmizdə uşaqdan-böyüyə hamı başa düşür ki, bu münaqişənin arxasında Rusiya dayanıb deyə, biz bunu həll edə bilmirik. Yoxsa biz 10 milyonluq ölkəyik, 2,5 milyonluq Ermənistanın qarşısında aciz qalmamışıq ki. Yəni biz bilirik ki, sizə görə bu torpaqları azad edə bilmirik, hər dəfə ərazilərimizi azad etmək istəyəndə KTMT-nin o vaxtkı baş katibi Azərbaycanı hədələyirdi. Elə Medvedyev də, Putin özü də Gürcüstandakı 2008-ci ilin avqust hadisələrindən sonra dəfələrlə deyiblər ki, bundan hər kəs nəticə çıxartmalıdır. Həmçinin Lavrovun özü. Yəni Azərbaycanı zaman-zaman hədələyiblər. Odur ki, biz ruslarla açıq danışmalıyıq.

- Vaxtaşırı bu fikirlər deyilir, yazılır. Lakin nəticə yoxdur...

- Rusiya Azərbaycanın mövqeyini mütləq nəzərə almalıdır və başa düşməlidir ki, Azərbaycanın daxilində təxribatlar törətməklə, siyasi sabitliyi pozacaqlarına dair müəyyən addımlar atmaqla, yaxud Azərbaycanı hədələməklə ölkəmizi bundan artıq özlərinə yaxınlaşdıra bilməzlər. Heç xalq da bundan artığına icazə verməz. Ona görə də əgər Rusiya istəyirsə ki, bizim bu dostluğumuz səmimi olsun və doğrudan da bu dostluq regionun inkişafına, bölgədə təhlükəsizliyə ciddi töhfə versin, o halda Qarabağ məsələsində ədalətli mövqe tutmalıdır. Bu, həm də Rusiyanın iqtisadi maraqları baxımından çox önəmlidir. Uzun illərdən sonra Cənub-Şimal dəmiryolu xətti artıq işə düşəcək, yəqin ki, Astaradan Rəştə olan 146 km-lik xətt bir-iki ilə çəkiləcək, bundan sonra yük dövriyyəsi artacaq. Prezident Soçidə bəyan etdi ki, bu istiqamətdə yük dövriyyəsi 100 dəfə artıb. İndi təsəvvür edin, dəmir yolu hazır olandan sonra artım nə qədər olacaq. Azərbaycan bu yolun çəkilməsi üçün İrana 500 milyon dollar kredit ayırıb. Hazırda dəmir yolu xətlərinin yenidən qurulması, sürətin artırılması, yeni lokomotivlərin və vaqonların alınması istiqamətində çox böyük işlər görülür, çox ciddi müqavilələr imzalanıb, yəni bu sahədə vəziyyət köklü şəkildə dəyişib. O baxımdan düşünürəm ki, Rusiya ilə Azərbaycanın yaxınlaşması regionun maraqlarına və təhlükəsizliyə xidmət edir. Amma Rusiya bir suveren, müstəqil dövlət kimi Azərbaycanın maraqlarını nəzərə almalıdır və imkan verməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin. Başqa formada düşünmürəm ki, Rusiya Azərbaycandan tam mənada istədiyini ala biləcək. Hesab edirəm ki, hələlik Rusiyaya yönəlik siyasət doğru siyasətdir və bunun qarşılığında Azərbaycan problemin həlli üçün Rusiyadan dəstək istəməlidir.

- Yəni hansı tərəf Qarabağı bizə qaytaracaqsa, ona tərəf getməliyik?

- Qaytaracaq yox, sadəcə olaraq, hansı tərəf ədalətli mövqe tutacaqsa... Sabah Rusiya desə ki, siz KTMT-yə girin, bizimlə iqtisadi ittifaq qurun, amma mən bu boyunduruqdan sizi xilas etməyəcəyəm, bu münaqişəni saxlamaqla sizi daim əzəcəyəm, belə olduğu halda artıq Azərbaycan qərarını verməlidir. Onsuz da Qarabağ münaqişəsi 25 ildir həll olunmamış qalıb, müharibə yolu da çox risklidir. Hərçənd mən bu yolu da istisna etmirəm. O halda ən azından Gürcüstan variantı seçilməlidir. Eybi yox, Qarabağ qalır Rusiyanın nəzarəti altında, amma beynəlxalq hüquqla biz heç bir sənəd imzalamırıq, heç bir formada Qarabağ üzərindəki suverenliyimizdən, Qarabağın Azərbaycan torpağı olmasından imtina etmirik. Amma strateji baxımdan qərbyönümlü, Qərblə yaxınlaşma, NATO-ya üzv olma istiqamətində kurs götürürük. Azərbaycan artıq bu seçimlərdən birini etməlidir. Ancaq bu addımı atmamışdan qabaq biz ilk növbədə Rusiya ilə danışmalıyıq. Çalışmalıyıq ki, Rusiyanı bu məsələdə ədalətli mövqe tutmağa inandıraq. Rusiya buna gedə bilər. Niyə mən ümidlə danışıram? Rusiya hazırda beynəlxalq aləmdə dinc insanlara qarşı kimyəvi silah tətbiq edən güc kimi tanıdılır. Britaniyada, özü də ictimai yerdə kimyəvi silahdan istifadə etməkdə ittiham olunur. ABŞ da buna görə növbəti sanksiyaları tətbiq etdi ki, sən rəsmi etiraf etməlisən və öhdəlik götürməlisən ki, dinc insanlara qarşı kimyəvi, yaxud radiaktiv vasitələrdən istifadə etməyəcəksən. Düzdür, Kreml boynuna almır, amma dünya Rusiyaya inanmır. Daha sonra Ukraynanın ərazi bütövlüyünün pozulması, Moldovada, Gürcüstandakı vəziyyət Rusiyanı dünyada beynəlxalq hüquqa məhəl qoymayan, aqressiv bir ölkə kimi tanıdıb. Rusiya Qarabağ məsələsinin ədalətli həllinə töhfə verməklə həm də öz imicini dəyişə bilər. Yəni dünya görər ki, Rusiya iki qonşu xalq arasında problemin ədalətli həllinə öz töhfəsini verdi. Rusiyada da ağıllı adamlar var və onları buna inandırmaq olar. Bundan sonra Azərbaycan da müəyyən addımlar ata bilər. Rusiya da başa düşməlidir ki, Azərbaycanın Rusiyanı aldatmaq imkanları yoxdur, onu aldatmağımız bizə baha başa gələ bilər. Ona görə də biz Avrasiya İttifaqına da qoşula, KTMT-yə də üzv ola bilərik, amma Qarabağı qaytarmaq naminə. Qarabağsız Rusiyanın Azərbaycandan umduqlarını ona vermək, sadəcə, kapitulyasiyadır. Mən əvvəllər də demişəm ki, prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına zidd hansısa sənədin altına imza atması mümkün deyil və kimsə də inanmasın ki, prezident belə addıma gedər. Bəzi adamlarda belə bir fikir var ki, sanki torpağı o, hamıdan çox istəyir. Hamı bilir ki, bunun tarixi məsuliyyəti var, söhbət təkcə onun özü ilə bağlı deyil, Azərbaycan durduqca onun övladları, nəvələri məsuliyyət daşıyacaqlar ki, kim hansı sənədin altına imza atıb. Yəni belə bir tarixi məsuliyyəti heç kim öz üzərinə götürməz, o cümlədən də İlham Əliyev. Ona görə də narahatlıq üçün əsas görmürəm. Amma Azərbaycan xalqı da öz mövqeyi ilə hazır olmalıdır, Qərbdəki, Rusiyadakı dairələr də başa salınmalıdır ki, bu təzyiqlər mənasız bir işdir. Azərbaycan xalqının heç bir nümayəndəsi Qarabağın nə birbaşa, nə dolayısı ilə, nə indi, nə gələcəkdə itirilməsinə yol açacaq heç bir sənədə imza atmaz. Azərbaycan xalqı da buna yol verməz!

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti