Beləliklə, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Moskvaya çağırıldı.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və elə Nikol Paşinyanın özünün də verdiyi açıqlamalara baxsaq, Putin-Paşinyan görüşü bu dəfə də rəsmi deyil, işgüzar xarakter daşıyacaq.

Bu, həqiqətən vacib bir məqamdır, çünki görünür, Moskvada Paşinyanın Rusiya paytaxtına səfərini rəsmi səviyyəsində qəbul etmək üçün vaxtın yetişmədiyini hesab edirlər.

Yeri gəlmişkən bu faktın özü Rusiya ilə keçmiş onilliklər ərzində strateji müttəfiq hesab olunan Ermənistan arasında münasibətlərdə böhrandan xəbər verir.

Bununla yanaşı Moskva ilə Bakı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bunu Soçi şəhərində sentyabrın 1-də keçirilən və 16 sənədin imzalanması ilə nəticələnmiş Vladimir Putin-İlham Əliyevin rəsmi zirvə görüşü də sübut edir. Bütün bunlar isə bir çox siyasi müşahidəçilərin fikrincə, Azərbaycanı regionda Rusiyanın ən mühüm strateji tərəfdaşına çevirir.

***

Baş nazir postuna seçilməsindən sonra Nikol Paşinyan artıq üçüncü dəfədir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Onlar ilk dəfə mayın 14-də Soçidə Avrasiya İqtisadi Birliyi zirvəsi çərçivəsində görüşüblər. İkinci görüş iyunun 13-də Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimi zamanı baş tutub. Müxtəlif tədbirlər çərçivəsində baş tutan bu görüşlərin hər ikisi çox qısa davam edib. İndi isə sentyabrın 8-də yeni görüş olacaq. Bu görüşün gündəliyində dayanan əsas məsələlər Ermənistanın KTMT və AİB çərçivəsində üzvlük və öhdəlikləridir.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun birinci kurs tələbələri ilə görüşü zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov Robert Köçəryanın həbsinə və KTMT-nin Baş katibi Yuri Xaçaturov barəsindəki ittihamlara işarə vuraraq, Moskva üçün Ermənistandakı hadisələrin inkişaf perspektivini yeni liderin (Paşinyan) necə qiymətləndirdiyini eşitməyin vacibliyini qeyd edib.

Moskva KTMT-nin Baş katibi Yuri Xaçaturov ətrafındakı vəziyyəti artıq təşkilata üzv digər ölkələrlə - Qazaxıstan və Belarusla müzakirə edib, barəsində istintaq başladılmasına baxmayaraq, Xaçaturovu vəzifə səlahiyyətlərini icra etməsi üçün geri çağırıb.

Sergey Lavrov sözügedən çıxışında həmçinin İrəvanla Moskva arasındakı dialoqun intensiv və özünəməxsus şəkildə inkişaf etdiyini bildirib.

“Əlbəttə ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan öhdəliklərinin hazırkı görünüşünə tamamilə biganə qala bilmərik. Biz bu öhdəliklərin qüvvədə olması, qurumumuzun nüfuzu və prestijinin möhkəmləndirilməsi üçün tam şəkildə həyata keçirilməli olduğu nöqteyi-nəzərindən çıxış edirik”, - Lavrov deyib.

Lavrov Ermənistanda vəziyyətin getdikcə gərginləşməsindən, 10 il bundan əvvəl baş vermiş hadisələrin araşdırılmasından, həbslərin həyata keçirilməsindən narahatlığını ifadə edib:

“Moskva baş nazir seçkilərindən sonra baş verən hadisələri diqqətlə izləyir və hətta bu ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə biləcək hər hansı bir fəaliyyətə və açıqlamaya yol verməyib”.

Həqiqətən də Ermənistanın yeni hökuməti inqilabi eyforiyaya qapılıb. Erməni rəhbərliyinin dövlət idarəçiliyi və xarici siyasət prioritetlərinin müəyyən edilməsi sahəsində təcrübələri olmadığı üçün Rusiya ilə strateji tərəfdaşlığı davam etdirmək barədə çoxlu bəyanatlar səsləndirilsə də, Moskva ilə konstruktiv münasibətlər qurulmasında müəyyən bir vakuum yaranıb. Bu məsələdə gərginliyin artmasına və cəmiyyətdə anti-rus cəbhəsinin formalaşmasına kömək edən Ermənistan mətbuatı da az rol oynamayıb.

***

Moskvada heç kim Ermənistanın həm də KTMT və AİB çərçivəsində Rusiyanın maraq dairəsində olduğunu gizlətmir. İndiyə qədər iki ölkə arasındakı əlaqələr bölgədə baş verən proseslərə böyük təsir göstərib. Ancaq bütün bunlar, o cümlədən Qarabağ istiqamətində hər şey qəfildən dəyişə bilər. Belə ki, elə Vladimir Putinlə İlham Əliyev arasında baş tutan Soçi görüşündə müzakirə olunan mövzulardan biri də Dağlıq Qarabağ məsələsi olub.

“Biz beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi apardıq. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Minsk Qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə həllinə kömək göstərməyə davam edəcəkdir”, - Putin bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev də görüş zamanı aparılan danışıqlarda regional təhlükəsizlik məsələlərinin mühüm rol oynadığını təsdiqləyib.

“Münaqişənin tənzimlənməsi ilə məşğul olan Minsk Qrupunun həmsədri kimi Rusiya böyük rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz Rusiyanın münaqişənin tənzimlənməsi istiqamətində səylərini davam etdirəcəyini gözləyirik”, - dövlət başçısı bildirib.

Bax məhz bütün bunlara görə də İrəvanda Putin-Paşinyan görüşünün, yumşaq deyil, olduqca sərt keçəcəyinə inanırlar.

“Azərbaycan Rusiyaya misli görülməmiş inteqrasiya – ümumi siyasi, mədəni, ekspert inteqrasiyası, eləcə də biznes sahəsinin, informasiya dairələrinin inteqrasiyasını - başladıb. Biz açıq şəkildə mövqelərimizi itirməyə başlamışıq. Açığı desək, Moskva hələ ki regional siyasətində paritet komponentini bərpa etmək istəmir”, - Paşinyanın Moskvaya səfəri ərəfəsində erməni mətbuatı yazır.

Bundan əlavə Lavrovun çıxışından sonra İrəvanda hesab edirlər ki, Putin Paşinyanı Ermənistanın daxili həyatında baş verənlərlə bağlı izahat almaq üçün Moskvaya çağırıb.

“Paşinyan onun barəsində təyin olunmuş “tənbəl şagird” statusunu bəyənmədi”, - erməni mətbuatı yazıb. Lavrovun Ermənistandakı daxili vəziyyətin gərginləşməsi - “qaynaması” barədə açıqlamasına isə Nikol “Bəli, həqiqətən bu gün kifayət qədər istidir” cavabını verib.

Putinin Ermənistanda 1 mart hadisələrinə görə istintaqa cəlb olunan eks-prezident Robert Köçəryanı doğum günü münasibətilə təbrik etməsi hakimiyyət dairələrində ajiotaja səbəb olub. Paşinyan özü də Putinin Köçəryanı təbrik etdiyi telefon danışığının siyasi nəticələrini mümkün qədər yumşaltmağa çalışdı.

“Bu, şəxsi münasibətlər müstəvisində baş verib. Tanıdığım qədərilə Vladimir Putin müxtəlif ölkələrin indiki və keçmiş liderləri ilə insani əlaqələri yüksək qiymətləndirir. Siz gördünüz ki, o, bir qədər əvvəl Avropa Birliyi ilə yaşanan problemlərə baxmayaraq, Avstriyanın yüksək vəzifəli şəxslərindən birinin toyunda iştirak etdi”, - Paşinyan bildirib.

Paşinyanın bu mövzu ətrafında gətirdiyi arqumentlər hətta Ermənistanın özündə belə adekvat qəbul olunmayıb.

“Əvvəla, Putin istənilən halda əvvəlki illərdə Köçəryanı təbrik eləməyib. İkinci prezidentin vəzifədən getməsindən sonra Kremlin rəsmi saytında Robert Köçəryanın doğum günü münasibətilə Vladimir Putindən hər hansı bir bildiriş və ya zəng edilməsi barədə informasiya yerləşdirilməyib. Digər tərəfdən isə Putinin Avstriya XİN rəhbərinin toyunda iştirakı əks tendensiyadan xəbər verir: hətta şəxsi tədbirlərdən belə Rusiya prezidenti siyasi məqsədlər üçün istifadə edir. Avstriya isə Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləməyən nadir ölkələrdən hesab olunur”, - Ermənistanda Putinin Köçəryanı təbrik etməsi məhz bu cür şərh olunub.

“Rusiya açıq şəkildə vassal rejimini bərpa etməyə çalışır. Ermənistan son aylar ərzində dəyişən status-kvonu durğunluq mərhələsindən çıxarmaqla onun möhkəmlənməsinə nail olmalıdır. Paşinyanın Lavrovun sözlərinə verdiyi reaksiyadan anlamaq olar ki, o, Moskvaya yeni reallıqları müdafiə etmək üçün yollanacaq”, - erməni ekspertlər bildiriblər.

Bir qədər əvvəl Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynlinin yeni geosiyasi şəraitdə ölkəmizin KTMT-də müşahidəçi statusunda iştirakını nəzərdən keçirməyin mümkün olmamasını bildirməsinə baxmayaraq, Ermənistan Azərbaycanın bu təşkilata üzv olmaq ehtimalının mümkünlüyündən ciddi şəkildə narahatlıq keçirib.

Yumşaq şəkildə desək, Ermənistanın inqilabi hökumətinin “səhv gedişləri” səbəbindən İrəvanın təşkilatda Baş katib postunu itirmək ehtimalı fonunda Azərbaycanın KTMT-ə üzv olmasının mümkünlüyü erməni mətbuatında günlərlə tirajlandı. Bundan əlavə, hər hansı bir ölkənin KTMT-ə üzv olması onun müasir rus silahlarını bazar qiymətindən kifayət qədər aşağı olan daxili qiymətə almasına imkan yaradacaq. Buna görə də Ermənistan XİN veto hüququ ilə bağlı xatırlatma etdi. Buna baxmayaraq, rəsmi Bakıdan məsələ ilə bağlı hər hansı bir bəyanat səsləndirilmədiyini və ərizə təqdim olunmadığını xatırlatmaq lazımdır.

Bir faktı da qeyd edək lazımdır ki, Putin-Paşinyan görüşündən əvvəl Soçidə İlham Əliyev və Putin arasında görüş keçirilməsi Ermənistanda ciddi narahatlıq doğurub. Bundan əlavə, Rusiya və Azərbaycan liderlərinin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının zirvəsində iştirak etdiyini və burada Xəzər dənizinin hüquqi statusu ilə bağlı müqavilə imzalandığını da qeyd etmək lazımdır. Bir ay əvvəl isə İlham Əliyev Moskvada dünya çempionatının açılışında iştirak edib. Əliyev burada Ermənistanın yeni baş naziri Nikol Paşinyanla tanış olub, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

Azərbaycan-Rusiya münasibətlərinin etibarlı xarakterini “Kommersant” nəşri də qeyd edib. Nəşrin məlumatına görə, rəsmi bəyanatdan sonra Putin gözlənilmədən İlham Əliyevlə yenidən bir araya gəlib və liderlər bir saatdan artıq təkbətək görüşüblər.

“Bu danışıqlar prezidentin digər ölkələrdən olan həmkarları ilə keçirdiyi bütün digərlərindən fərqlənirdi”, - “Kommersant” nəşri yazıb.

Əlbəttə ki, Ermənistanın yeni hakimiyyət orqanlarının uğursuz xarici siyasəti fonunda Azərbaycanın xarici siyasətinin “şimal” və “qərb” vektorlarını bir-birini tamamlayan və bəzən isə bir-birini balanslaşdıran vektorlar kimi qəbul etmək lazımdır.

Azərbaycan öz iqtisadi qüdrətini artırıb, böyük enerji və nəqliyyat layihələrini həyata keçirməklə, şimal qonşusu ilə olduğu kimi, Qərb üçün də əvəzsiz bir tərəfdaş olmaqla, bütün yeni bölgələrə daxil olmaq və bununla da geostrateji əhəmiyyətini və siyasi çəkisini artırmaqla regional liderə çevrilib.

Bütün bunların fonunda ermənilərin milli ideyalarına söykənən “Böyük Ermənistan”la bağlı səsləndirilən ifadələr, işğal siyasətinin davam etdirilməsi bu ölkənin təcrid olunmasının davam etməsinə və yekun nəticədə İrəvanın rifahına yardım edə biləcək nəhəng iqtisadi layihələrə dəvət edilməsinə heç bir şans qoyulmamasına səbəb olur. İrəvan Azərbaycana qarşı təcavüz siyasətindən imtina etmədikcə və öz xarici siyasət prioritetlərini nəzərdən keçirmədikcə, hazırda hakimiyyətdə olan heç bir siyasi qüvvə və ya onları əvəz edəcək şəxslər erməni xalqının sabitliyini, rifah və firavanlığını təmin edə bilməyəcəklər.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti