![]() |
|
AZCON Holding-in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini Nicat Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Çin Xalq Respublikasının Lianyunqanq şəhərinin Kommersiya Bürosunun və “Liyanyunqanq İqtisadi və Texnoloji İnkişafı Zonası”nın İşçi Komitəsinin nümayəndələri ilə görüşüb.
Çinin Ciansu əyalətinin vitse-qubernatoru Ma Şıquanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün gördüyü işlər diqqətə çatdırılıb.
Orta Dəhlizin əsas seqmentlərindən olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücünə malik olduğu vurğulanıb.
Tərəflər həmçinin Azərbaycan və Ciansu əyaləti arasında əməkdaşlığı gücləndirmək, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu təşviq etmək məqsədilə görülə biləcək işləri müzakirə edib.
Bundan əlavə, “Kəmər və yol” meqa layihəsinin mühüm komponentlərindən olan Liyanyunqanq şəhərində hazırda “Yeni Avrasiya Quru-Dəniz Nəqliyyat Dəhlizi”nin və Orta Dəhlizin logistika şəbəkələrinin effektiv şəkildə əlaqələndirilməsi üzrə işlərin aparıldığı nəzərə çatdırılıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin illik yük ötürmə həcminin 5 milyon tona çatdırılmasından sonra ötən ilin iyun ayından etibarən Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan Orta Dəhlizlə test rejimində konteyner blok-qatarların göndərilməsinə başlanılıb.
Lianyunqanq limanından yalnız Çin mənşəli deyil, həm də Yaponiya və Koreya tədarükçülərinin məhsulları göndərilir ki, bu da dəhlizin istifadə coğrafiyasını genişləndirir.