|
Qlobal cəmiyyətdə gender bərabərliyinə Azərbaycan teleməkanından baxış
Cəmiyyətimizin müxtəlif sahələrində qadın izi getdikcə şaxələnir və inkişaf edir. Həyatımızın ən müxtəlif sahələrində öz nümunəviliyi ilə seçilən xanımlarımızı cəmiyyətə təqdim etmək və daha yaxından tanıtmaqda televiziyalarımızın rolu daha böyükdür. Bu məqsədlə əməkdar jurnalist Mətanət Ağamirlinin təqdimatında Lider televiziyasında yayımlanan “Gender” proqramı öz dəsti-xətti ilə seçilir. Və bu proqramda fəaliyyəti işıqlandırılan xanımları oxucuların da ixtiyarına veririk.
İctimai-siyasi fəallığına görə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyeva hesab edir ki, dövlətin ailə institutunun qorunması, mühafizə olunması üçün həyata keçirdiyi layihələrin dəstəklənməsində qeyri-hökumət təşkilatlarının da rolu var:
“Bildiyiniz kimi, son illərdə dövlət, rəhbərlik tərəfindən modern ailələrin yaranması və bu ailələrin inkişafına böyük diqqət yetirilir. Üç-dörd il bundan öncə möhtərəm prezidentimizin böyük bir forumda çıxışı oldu. O çıxışdan sonra düşündüm ki, qeyri-hökumət təşkilatı yaradaq və adını da ona uyğun qoyaq. Bizim ictimai birliyimizin çox vəzifəsi var. Bu QHT-nin məqsədi böyükdür. Azərbaycanın Avropaya inteqrasiyası sürətlənib. Bu o demək deyil ki, bizim gənclərimiz tam avropalaşsın və azərbaycançılığı unutsun. Bildiyiniz kimi, ulu öndərimiz həmişə deyib ki, Avropaya inteqrasiya etməklə azərbaycançılığı yaddan çıxartmaq olmaz. Azərbaycançılığımızı inkişaf etdirməli, milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Mentalitetimizi qoruyaraq irəli getməliyik. Bu da ailədən başlayır. Ailəni sağlam yaratmaq lazımdır. Düzdür, indi dövlət tərəfindən gənclərə yaşıl işıq yandırılır, onlar üçün o qədər böyük şərait yaradılır ki, öz qabiliyyətləri ilə cəmiyyətimizə xeyir versinlər.
Nəinki bizdə, bütün dünyada indi gender bərabərliyi mövcuddur. Ulu öndərimiz sovet dövründə, hələ yenicə ölkəmizə rəhbərliyə başlayanda Ali Sovetə deputatların seçilməsi zamanı qadınlara da yer verirdi, onların rəhbər vəzifələrə təyin olunmasına şərait yaradırdı.
Hazırda bölgələrimizdə bu proyektlərin, layihələrin yerinə yetirilməsinə hörmətli Birinci vitse-prezidentimiz Mehriban Əliyeva tərəfindən böyük diqqət yetirilir. Son illər Mehriban xanımın diqqətində xanımlara yaşıl işıq yandırılıb. İqtisadiyyat Nazirliyinin tərkibində elə o proyektlərin əsasında Qadın Sahibkarlarının Assosasiyası yaradılıb. Bura bizneslə, sahibkarlıqla məşğul olan qadınlar seçildi. Bu Asossasiyanın da tərkibində çox aktiv qadınlarımız var. Hazırda özünüz də görürsünüz ki dövlətimiz tərəfindən qadın biznesinə, qadın sahibkarlığına çox böyük diqqət və qayğı göstərilir, şərait yaradılır. Doğrudan da qadın sahibkarların arasında bir canlanma var. Son zamanlar çox böyük tədbirlər, forumlar keçirilir.
Gender bərabərliyində təhsilli olmağın böyük önəmi var. Gənc qız özü qərar verir ki, mən oxuyum, ya oxumayım: evlənim, ya evlənməyim. Bu artıq gender bərabərliyinin başlanmasını göstərir. Amma rayonlarda, kəndlərdə bu, belə deyil. Təhsil almaqla-almamağın fərqi, bax, burda özünü göstərir. Təhsil almayan gəncə rayonlarda valideyn nəsə deyir, o da onu edir. Təhsilin insanın formalaşmasında böyük rolu var. Baxın rayonlarımıza, məsələn, ailədir, ana-ata oxumayıb, bir ailə yaranıb, 5 övlad dünyaya gəlib, qız övladından - "yükdən" yaxa qurtarmaq üçün 14-15 yaşda erkən nikahlar olur, hansı ki, bu gün "Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi", başda Hicran xanım olmaqla, bu erkən nikahların qarşısını almaq üçün çox böyük işlər görür. Bu, ulu öndərin qoyduğu siyasətdir ki, bu gün böyük uğurla, nailiyyətlə aparılır. Ölkədə qadınların işinə çox böyük qiymət verilir.
Bu yaxınlarda möhtərəm prezidentimiz tərəfindən “Tərəqqi” medalı aldım. Sevincimin həddi-hüdudu yox idi. Mənim vicdanım bu cür dövlətin, rəhbərin yolunda ancaq işləməyi, özümü fəda etməyi tələb edir. Prezidentim tərəfindən o medalın verilməsi məni çox fərəhləndirdi, çünki üstündə imzasız var, onun imzasını döşümdə daşıyıram.
Ulu öndərin Azərbaycanın inkişafı üçün apardığı siyasət bu gün də uğurla davam etdirilir. O, çıxışlarında söyləyirdi ki, vaxt gələcək Azərbaycan günəş kimi bütün dünyaya işıq saçacaq. Baxın, ulu öndərin o vaxt dediyi sözlər indi öz yerini tapıb. Hazırda, yəni son illərdə ölkəmiz bütün dünyaya səs salıb. Hətta böyük ölkələrin rəhbərləri bizim ölkə rəhbərimizin görüşünə gəlir, burada böyük simpoziumlar, forumlar, görüşlər keçirilir. Bu o deməkdir, Azərbaycanımız xeyli inkişaf edib.
Qadın ana olmaqla yanaşı, həm də cəmiyyətin əsas dayaqlarından biridir. Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin qorunmasında və yaşanmasında misilsiz rolu var”.
Daha bir ziyalı Azərbaycan qadını, Sumqayıt Dövlət Universitetinin nəzdindəki Sumqayıt Dövlət Kollecinin direktoru, kimya elmləri üzrə fəlsəfə doktoru Mətanət Pirquliyeva isə cəmiyyətdə gender bərabərliyinə münasibətini belə bildirib:
“Bu gün Azərbaycanda qadınlarla bağlı aparılan siyasət çox uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, parlamentdə, bələdiyyələrdə, bir sıra ictimai işlərdə qadınlarımızın sayı ildən-ilə artır. Artıq Azərbaycan qadını mətbəx çərçivəsindən çıxaraq, həm maddi, həm mənəvi asılılığı aradan qaldıraraq, ziyalı bir xanıma çevrilib.
Dövlətimizin qanunlarında heç bir gender, cinsəl ayrı-seçkilik yoxdur. Yəni bu qadınlar cinsindən, dini, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara şamil edilən qanunlardır. Dövlət bu azadlıqları, hüquqları bütün vətəndaşlarına verir.
Qadın anadır, qadın övladı, gələcək nəsli dünyaya gətirəndir. İlk tərbiyəni övladına qadın verir. Yəni onu cəmiyyətin üzvünə çevirir. Onun savadlı, vətənpərvər, intellektli, düşüncəli bir vətəndaş kimi yetişməsində qadının rolu böyükdür.
Son dövrlərdə təhsil verənlərin əksəriyyətinin qadın olmasının həm müsbət, həm də mənfi cəhətləri vardır. Müsbət cəhəti odur ki, qadın olan yerdə təmizlik, gözəllik, zəriflik, mehribançılıq üstünlük təşkil edir. Amma mənə elə gəlir ki, kişi müəllimlərin sayı artsa, balans yerini tapsa, daha yaxşı olar.
Biz gender bərabərliyindən, qadın hüquqlarından danışırıq. Amma elə ucqar rayonlarımız var ki, orada qızlarımızı təhsil almaq hüququndan məhrum edirlər. Hətta valideynlərin təhriki ilə onlar erkən nikaha da girirlər. Bax bunlar çox pis, mənfi hallardır.
Qız uşağı, gələcəyin anası mütləq təhsil almalıdır! Nəyə görə təhsil almalıdır?! Çünki o, cəmiyyətə övlad hazırlayır, cəmiyyətə üzv hazırlayır. Ona görə savadlı olmalıdır ki, o uşağa həm tərbiyə versin, həm vətən sevgisi aşılasın, həm mədəni olmağı öyrətsin. Özünü aparmaq qaydaları öyrətsin, intellektini yüksəltməyə istiqamət versin. Bax, bu mənada qadın işləməsə də, cəmiyyət üçün övlad hazırlayır, üzv hazırlayır deyə, onların oxuması lazımdır.
Hər bir uğurlu kişinin arxasında uğurlu qadın dayandığı kimi, hər bir uğurlu qadının arxasında da onu uğura həvəsləndirən, ona dəstək olan, dost kimi köməklik göstərən, sevincini, kədərini bölə bilən bir kişi dayanır.
Azərbaycan qadınının özəlliyi onun sadəliyində, gözəlliyində, vətənini, ailəsini sevməyində, fədakarlığındadır. Biz Azərbaycan qadınına fədakar deməklə onun zərif çiyinlərinə çox böyük yük qoymuş oluruq. Amma əslində Azərbaycan qadını fədakarlığı ilə bərabər həm də zərif, mədəni qadındır.
Müasir Azərbaycan qadının dünyaya təqdimatı deyəndə elə Birinci vitse-prezidentimiz Mehriban Əliyevanı və onun gördüyü işləri misal gətirə bilərik. Çünki Azərbaycanı təmsil edən, Azərbaycanda baş verən hadisələri dünya ölkələrinə çatdıran, Azərbaycan mədəni irsinin qorunmasında böyük fəallıq göstərən, əlbəttə ki, bizim birinci xanımımız Mehriban Əliyevadır.
Mehriban xanım Əliyevada Azərbaycan xanımına xas olan bütün xüsusiyyətlər öz əksini tapıb. O, xeyriyyəçi, maarifçi qadındır. Mehriban xanım hələ millət vəkili olarkən bir sıra xeyirxah işlər görüb. Bir sıra ölkələrdə məktəblərin tikilməsi, istifadəyə verilməsi, eyni zamanda Azərbaycanın ucqar rayonlarında yararsız vəziyyətdə olan məktəblərin təmir olunması, yenidən tikilməsi, yeni avadanlıqlarla təmin olunmasında, talassemiyalı xəstələrin müalicə olunmasında çox böyük şəfqət və mehribanlıq göstərib.
Mehriban xanımın fəaliyyəti haqqında çox söz söyləmək olar. Buna nə bir saat, nə bir gün sığar. Gərək oturub tarixi vərəqləyəsən. Bütün Azərbaycan qadınları Mehriban xanımı dəstəkləyir”.
“Sağlam cəmiyyət fiziki və mənəvi sağlam fərdlər toplusudur” desək, yanılmarıq. Xəstəliyin insanın sağlam həyat tərzinə təsir vasitələrini azaltmaq məqsədilə ölkədə bir sıra tədbirlər həyata keçirilir. Və bu tədbirlər çərçivəsində hər zaman aktiv iştirak edən cəmiyyətimizin ziyalı xanımlarından biri Hemofiliyalı Xəstələrin Respublika Asossasiyasının sədri Gülnarə Hüseynovanın sağlamlığımızın qorunmasında QHT-nin rolu ilə bağlı fikirləri çox maraqlıdır:
“Təşkilatımız 1997-ci ildə yaradılıb. Sovetlər Birliyinin dağıldığı ərəfə idi, səhiyyə sistemində problemlər çox idi, dərman preparatlarının, qan və onun komponentlərinin qıtlığı böyük çətinlik yaradırdı. Belədə biz analar və həkimlər yığışıb, ictimai birlik yaratdıq ki, uşaqlarımızın problemini birlikdə həll edək. Dünya ictimaiyyətinin diqqətini Azərbaycanda mövcud olan şəraitə cəlb etmək üçün Hemofiliya Federasiyasının üzvü olduq. O zaman dünya Hemofiliya Federasiyasının 94 üzvü vardı. Federasiyaya üzv olduqdan sonra aktivləşdik və burda gender bərabərliyi özünəməxsus rol oynadı.
Gender bərabərliyi böyük bir qüvvədir. Burada kişi, qadın söhbəti olmur. Hər birimiz - həm qadınlar, həm kişilər birlikdə bu xəstəliyin törətdiyi problemlərin aradan qaldırılması üçün addımlar atmağa başladıq.
Milli Məclis tərəfindən bu cür xəstə insanlara dövlət qayğısı haqqında qanun qəbul olundu və bu qanundan sonra dövlət proqramı təsdiqləndi. Dövlət proqramı çərçivəsində də bu hemofiliyalı vətəndaşlarımız dərman preparatları ilə təmin olundular. Onu da deyim ki bu 12 il ərzində bizə 2006-cı ildə dövlət tərəfindən dərman preparatları gətirildi və deyim ki çox qabaqcıl ölkələrin istehsal etdiyi dərman preparatlarıdır. Bunlar arzularımızın gerçəkliyi idi.
Hemofiliyalı insanlar intellektual olur, əgər onların müalicəsi yetərincə normaldırsa, onlar hətta cəmiyyətə böyük xeyir də verirlər. Bir çoxumuzun uşaqları artıq ali təhsil alırlar.
Hemofiliyalı Xəstələrin Respublika Assosasiyası olaraq, bütün qərarlarımız kollegial qəbul olunur və bu qərarlar çərçivəsində demək olar ki, ən çox yerli həkimlərimizi təkmilləşdirilir. Cavan kadrlara daha çox önəm veririk, onlar xarici ölkələrdə konfranslarda iştirak edirlər. Artıq 114 ölkədə tanınmış təşkilatıq. Dünya və Avropa Ümumhemofiliya xəstəliyi Konsiliumun üzvüyük. Onlar bizim işimizlə tanışdır. Biz fəxr edirik ki, Azərbaycanı layiqincə təmsil edəcəyik. 15 nəfərdən ibarət heyətimiz orada olacaq. 2019-cu ildə artıq dövlət tərəfindən Hemofiliyalı xəstələrə elektron reseptlərlə dərman faktor konsentrantları mütəmadi olaraq veriləcək. Elektron reseptlər o deməkdir ki, hər bir xəstənin öz elektron kartı olacaq və bu kartda xəstə haqqında məlumatlar yer alacaq. Karta xəstənin dəqiq diaqnozu, yaşadığı yer, dərman preparatlarının istifadəsinin həcmi göstəriləcək və hər bir hemofiliyalı insan harada yaşayırsa, ora müraciət edəcək. Bu elektron reseptlər təhkim olunmuş həkimin aptekində və kabinetində görünməyəcək. Bu, Səhiyyə Nazirliyinin xüsusi şöbəsində görünəcək və kimə nə qədər dərman preparatı ayrılıbsa, orda açıq aydın bəlli olacaq.
Cəmiyyətdə qadın izi. Qadın imzası. Bu dünən olub, bu gün də var, gələcəkdə də olacaq”.