|
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Agentlik tərəfindən bu çərçivədə daha bir layihə yekunlaşıb. Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-də inşa olunan yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib.
Keçidin istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və agentliyin digər vəzifəli şəxsləri iştirak ediblər.
Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.
İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 39 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.
Tədbirlər planına uyğun olaraq cari ildə agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9 və 18.5-ci km-lik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilərək vətəndaşların istifadəsinə verilib.
Hazırda sözügedən magistral yolun 20.2 və 21.5-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
YOLUNUZ AÇIQ OLSUN...