|
Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Argentinanın Buenos–Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edib.
Axar.az xəbər verir ki, sərəncama əsasən, birinci yeri tutan idmançıların hər birinə 25 min manat (məşqçisinə 12,5 min manat), ikinci yeri tutan idmançıların hər birinə 15 min manat (məşqçisinə 7,5 min manat), üçüncü yeri tutan idmançıların hər birinə 10 min manat (məşqçisinə 5 min manat) veriləcək.
Həmçinin komandanın baş məşqçisinə ən yüksək nailiyyət göstərmiş idmançıya görə məşqçisinin aldığı məbləğ qədər mükafat təyin edilib.
Qeyd edək ki, Argentinaya yollanan 17 idmançımızdan medal qazananlar aşağıdakılardır:
1. Cüdoçu Vüqar Talıbov (66 kq) – qızıl
2. Sərbəst güləşçi Turan Bayramov (65 kq) - qızıl
3. Ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) - gümüş
4. Taekvondoçu Cavad Ağayev (63 kq) –bürünc
5. Boksçu Nurlan Səfərov (60 kq) – bürünc
6. Güləşçi Şahanə Nəzərova (43 kq) - bürünc
Eyni zamanda bədii gimnast Yelizaveta Luzan də Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.
Beləliklə, 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanan Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.