|
Bu gün Ana Vətən Partiyasının 28 yaşı tamam olur.
Partiya 1990-cı ilin noyabr ayının 24-də təsis edilib. O, vaxtdan Ana Vətən Partiyası cəmiyyətin siyasi sistemində ilk partiyalardan biri kimi aktiv fəaliyyətə başlayıb.
Partiyanın fəaliyyətə başlamasının 28-ci ildönümü ilə bağlı partiyanın sədri, millət vəkili Fəzail Ağamalının Axar.az saytına müsahibəsini təqdim edirik:
- Fəzail bəy, partiyanızın hədəfi nə idi və bu 28 ildə nəyə nail oldunuz?
- Ana Vətən Partiyası Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə günlərində meydana çıxdı. Bundan öncə Azərbaycan Xalq Hərəkatında kifayət qədər fəal iştirak edən partiya üzvləri həm də Azərbaycan Xalq Cəbhəsinin yaradılmasına da öz töhfələrini verib. AXC ilə aramızda yaranmış ciddi fikir ayrılığından sonra mən və bir sıra həmfikirimiz AXC-dən istefa verdik və yeni partiya yaratmaq qərarına gəldik. Beləliklə, 1990-cı ilin yayından başlayaraq, təşəbbüs qrupu yaratdıq. Aparılan ciddi hazırlıqlardan sonra 1990-cı ilin noyabr ayının 24-də Təbriz konfransımızı keçirdik və partiyanı təsis etdik. Partiyanın qarşısına qoyduğu ən mühüm və əsas vəzifə Azərbaycan xalqı ilə birlikdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmək, Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsi uğrunda sona qədər mübarizə aparıb, Azərbaycan xalqı ilə bərabər olmaq idi. Eyni zamanda partiyanın vacib təməl prinsiplərindən biri də Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, demokratik dövlət kimi formalaşması və bütöv Azərbaycan ideyalarının reallaşdırılması uğrunda mübarizə aparmaqdır.
- Bu illər ərzində gördüyünüz işlər sizi qane edirmi?
- Amalımız müstəqil, qüdrətli, demokratik Azərbaycan idi. Biz 1990-cı ilin 24 noyabrından başlayaraq bu günə qədər, bu mübarizənin içərisindəyik. Müstəqilliyimizi qazandıq, əsas olan budur. Bundan sonra dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi uğrunda da çox fərqli bir mövqe tutaraq, Azərbaycan xalqının mütləq əksəriyyəti ilə bərabər ulu öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi uğrunda ən çox mübarizə aparanlardan biri olduq. Çünki həmin vaxt biz dərk edirdik ki, ölkəni həmin dövrdə məruz qaldığı böyük fəlakətlərdən, faciələrdən və dövlətçiliyimizin məhvinə apara biləcək proseslərdən qurtara biləcək yeganə siyasi xadim Heydər Əliyevdir. Ona görə də xalqımızla bərabər həm də bu amal uğrunda ciddi mübarizə apardıq. Heydər Əliyev hakimiyyətə gələndən sonra da biz onunla bərabər olduq. Onun ideyalarının həyata keçirilməsi uğrunda yenə də xalqımızla birlikdə iştirak etdik.
Ondan sonrakı proseslərdə də biz Heydər Əliyevin ideyalarının qorunub saxlanılması, Azərbaycan dövlətçilik ənənələrində Heydər Əliyevin siyasi kursunun, onun fundamental dövlətçilik prinsipinin daha davamlı olması, ənənəyə çevrilməsi üçün siyasi varislik məsələsində ilk olaraq fikirlərimizi ortaya qoyduq. Bunu Azərbaycan xalqı ilə bölüşdük. Xalqımız çox müdrikdir. Xalqımız da bütöv olaraq, Heydər Əliyev ideyalarının Azərbaycanda qorunub saxlanılması, dövlətçiliyimizin möhkəmlənməsi üçün İlham Əliyevin siyasi varis kimi prezident seçilməsi ideyasını dəstəklədi. Eyni zamanda Konstitusiya ilə qoyulmuş olan məhdudiyyətlərin aradan götürülməsi və bunun xalqın seçim iradəsinə verilməsi təşəbbüsü ilə çıxış etdik. Bütün bu təşəbbüslərdə xalqımızla bərabər olduğumuza görə, sözün həqiqi mənasında bu gün böyük sevinc və qürur hissi keçiririk.
- Partiyanızın növbəti illərdə hansı hədəfləri var?
- Bizim hədəflərimiz partiyamızın fundamental prinsiplərindədir. Azərbaycan dövlətçiliyinin daha da güclənməsi, möhkəmlənməsi, Azərbaycanın dünya miqyasında inkişaf etmiş ölkələrdən birinə çevrilməsi, xalqımızın həyat səviyyəsinin daha da yüksəldilməsi, Azərbaycanın dünya miqyasında daha nüfuzu olan bir dövlətə çevrilməsi uğrunda Azərbaycan xalqı ilə bərabər ölkə prezidentinin müəyyən etmiş olduğu yol xəritəsində, hədəflərə doğru mübarizəsində bundan sonra da iştirak edəcəyik. Eyni zamanda Azərbaycanın tarixi torpaqlarının bütövlüyü uğrunda ortaya qoymuş olduğumuz fikirlərdə də israrlıyıq. Biz insanlarımızın şüurunda Azərbaycanın bütövlüyü ideyasının təbliğində bundan sonra da fəal iştirak edəcəyik. Tarixi Azərbaycan torpaqlarının bu gün mənəvi birliyi var. Onun digər tellərlə bağlılığı günü-gündən daha da genişlənir. Bu birliyin gələcəkdə ərazi bütövlüyünə çevrilməsi ideyasını da yaddaşlara həkk etmək uğrunda işlərimiz davam edəcək. Bu gün Ermənistanın istismarı, işğalı altında olan Azərbaycanın tarixi torpaqları, Qərbi Azərbaycan torpaqları, Cənubi Azərbaycan da vahid Azərbaycan məkanında, coğrafiyasında birləşib nəhəng güclü dövlət səviyyəsində fəaliyyətini davam etdirməlidir. Bu bizim gələcək strateji fəaliyyətimizin başlıca prinsiplərindən biridir.