|
Millət vəkili Qənirə Paşayeva 2-ci Türk Dünyası İstişarə Qurultayında iştirak edib.
Axar.az xəbər verir ki, İstanbul “Əhdə Vəfa” dərnəyinin təşkil etdiyi qurultayda çıxış edən millət vəkili türk dünyasının aydınlarına çağırış edib.
Q.Paşayeva bildirib ki, Azərbaycan və Türkiyə birliyi dosta, düşmənə bir mesajdır. O, türk kökənli bütün insanları türk dünyasının müxtəlif bölgələrindəki ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb:
“Bunun üçün isə ilk növbədə biri-birimizi daha yaxından tanımalıyıq, gənclərimizin ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanlar bir çox problemlərdən dolayı əziyyət çəkirlər. Güc birlikdədir və ədalətsizliklərə qarşı birlikdə daha güclü mübarizə apara bilərik. Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”.
Q. Paşayeva çıxışında Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağ məsələsindən də geniş danışıb:
“Bütün türk, müsəlman coğrafiyasında yaşayan, acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq. Bu gün Suriyada Bayırbucaq, İraqda Təlafərdə, həmçinin Kərkük, Krım, Axıska və Qarabağda əziyyət çəkən insanlarımıza əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram”.