|
Yay fəsli olduğundan hələ də istirahət planları qurmaqda davam edirik.
İstirahət üçün ya öz ölkəmizin səfalı guşələrinə, ya da cibimizə uyğun digər ölkələrə səfərlər ilə bağlı planlar qururuq. Eyni zamanda digər xarici ölkələrdən də mövsümlə əlaqədar olaraq, Azərbaycana turist axını davam etməkdədir. Yaxın 10 ilə nəzər salsaq, bu sahədə müsbətə doğru xeyli yolun qət edildiyinə əmin ola bilərik.
Musavat.com-un əməkdaşı turizm sahəsindəki inkişaf və mövcud problemlərlə bağlı Bakı Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadəyə bəzi suallar ünvanlayı:
- Hazırda Azərbaycanın turizm sektorundakı durumu necə qiymətləndirirsiniz?
- Turizm elə sahədir ki, o daim inkişaf edir. Biz xarici mütəxəssislərlə birgə işləyirik ki, bu sahəni inkişaf etdirək. Bu yaxınlarda Bakının turizm brendinin təqdimatını keçirəcəyik.
- Brend nə ilə əlaqədar olacaq?
- Bu kompleks bir yanaşmadır. Biz Bakının marketinq, kommunikasiya planı, həmçini digər bölgələrimizin brendlərini işləyib, hazırlamışıq. Əvvəlcə müəyyənləşdiməyə çalışdıq ki, turist nəyi tələb edir və biz nə təklif edə bilərik. Çindən gələn turist üçün nə maraqlı ola bilər, Rusiyadan gələn turist üçün nə... Eyni zamanda bu brendə xidmət səviyyəsinin artırılması, animatorlar, bələdçilər, məkanlar və s. daxildir. Məsələn, Bakı üçün belə bir devizimiz var: “Şərqdən gələn insan üçün Şərqdən ayrılmadan Qərbi görmək, Qərbdən gələn turistlər üçün Qərbdən ayrılmadan, Şərqi görmək imkanı olan şəhər”.
- Düşünürsünüzmü ki, kənd turizmində vəziyyət pərakəndədir?
- Biz gələn qonaqların hamısına turist demirik, xarici vətəndaşlığı olanlar və yerli əhali... Yerli əhali də öz dədə-baba yurdlarına gedir. Otellərdən, əyləncə mərkəzlərindən, kafe və restoranlardan istifadə etmirlər. Bu baxımdan biz “təmiz turist” modeli yaratmaq üçün xarici mütəxəssislərlə əməkdaşlıq edirik ki, bilək xarici turistlər nə istəyir. Kənd turizminin indiki halına gəldikdəsə, təbii ki, qüsurlar mövcuddur. Əyləncə komplekslərində qıtlıq var, turizm şəhərləri 7\24 saat fəaliyyət göstərməlidir, lakin bu, bizdə varmı? Eyni zamanda qiymətdə turislərə atmaq, onları aldatmaq, süründürməçilik və s. bu kimi hallar turistləri narazı sala bilər. Təkcə obyekt sahibləri yox, bəzi vətəndaşlar da qonaqpərvərliklə pərdələnib, turistləri aldadırlar, hətta yolu göstərmək üçün də pul istəyirlər. Əlbəttə ki, bu da birbaşa ölkəmizə qarşı narazı turisti əks-təbliğat maşınına çevirə bilər. Bundan əlavə, bizə regionlardakı turizm obyektləri ilə bağlı bir çox şikayətlər daxil olur. Məsələn, kafelərdə menyunun olmaması, ofisinatların necə gəldi geyinməsi, yemək bişirilən məkanın yerinin bilinməməsi, hər kəsin obyektində bir qiymət tətbiq etməsi kimi şikayətlər mövcuddur. Bizim Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığımız var və regionlardakı kafe və restoranlarda gigiyenik vəziyyəti yoxmaq üçün yaxın zamanlarda reydlər keçiriləcək.
- Mediada tez-tez nəqliyyatla bağlı da vətəndaşların şikayətləri yer alır...
- Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığımız nəticəsində Bakı şəhəri daxilində yaxın zamanlarda “Bakucity” kartı yaratmağı planlaşdırmışıq. Bu kartlarla həm nəqliyyat, həm muzeylərdə və bəzi əyləncə mərkəzlərində, həm də alış-veriş mərkəzlərində müəyyən güzəştlər nəzərdə tutulub. Bu da dünya təcrübəsi əsasında yaradılıb. Hələlik bu kartlar Bakı üçün nəzərdə tutulsa da, çalışacağıq ki, gələcəkdə regionlarda da tətbiq edilsin.
- Özünüz bir çox ölkələrə səfərlər etmisiniz. Hansı ölkənin turizm sektorunu Azərbaycan üçün etalon hesab edirsiniz?
- Avstriya, İslandiya, Şərqi Avropa ölkəri və Malayziyanın təcrübəsi çox maraqlıdır və uyğunluq da ola bilər. Biz indi xarici mütəxəssislərlə bu barədə konsepsiya hazırlamışıq. Bunun nəticəsində müəyyənləşdirmək olacaq ki, biz hansı ölkələrin təcrübəsindən istifadə etmişik.
- Türkiyədə hər sosial təbəqənin cibinə uyğun kiçik və orta ölçülü, 3-4 ulduzlu otellər var. Azərbaycanda bu baxımdan çatışmazlıqlar mövcuddur. Bizdə də belə bir model yaratamaq mümkündürmü?
- Azərbaycanda da cibə uyğun məkanlar tapmaq olar. Ancaq seçim çox azdır. Dövlətə təklif olunub ki, regionlarda 3-4 ulduzlu otellərin tikintisinə dəstək olsun, vergilərdə güzəştlər edilsin, bu sahəyə sərmayə ayrılsın. Biz çalışırıq ki, turizmi təkcə Bakının üzərində cəmləşdirməyək. Sahibkarlara da bununla bağlı təkliflər olunub ki, turistlərin gəzintisi üçün 7 günlük paketlər hazırlansın. Tez-tez deyirlər ki, Gürcüstanda istirahət Azərbaycandakından daha sərfəlidir. Bu, çox yanlış bir yanaşmadır. Devalvasiyaya qədər ola bilər ki, qiymətlərdə cüzi fərqlər olub. Amma devalvasiyadan sonra hətta bizdə daha çox ucuz yerlər tapmaq mümkündür.
- Azərbaycana gəlmək istəyən xarici turistlər ölkəmiz haqda dəqiq məlumatları necə əldə edə bilər?
- Bunun üçün sosial platformalar mövcuddur. Azərbaycanın turizm vizit kartı hesab olunan “Azerbaijan.travel”, Bakının vizit kartı olaraq “Salambaku.travel” platformaları var və bunlar dövlət tərəfindən yaradılıb. Burada taksiyə necə minmək lazımdır, qiymətlər necədir, sizi necə aldada bilərlər və s. kimi digər məsələlərə də toxunulub. Və ya sosial şəbəkələrdəki qruplardan istifadə edərək, məlumat əldə etmək mümkündür.
- Körfəz ölkələrindən gələn turistlərlə digər ölkələrdən gələn turistlər arasında hansı fərqlər var?
- Ölkə postneft dövrünə hazırlaşdığına görə gələn turistlərin sayını artırmaq lazım idi. Yolların təmiri, hava limanlarının tikilişi, avtobusların alınması, viza məsələsinin sadələşdirilməsi, müxtəlif dünya səviyyəli yarışların keçirilməsi kimi tədbirlər də turizmin inkişaf etdirilməsinə yönəldilib. İndi ölkəmizə gələn turistlərin sayı artıb. Lakin bəzi insanlar gələn turistlərin arasında bölgü aparır, xüsusilə də ərəb turistlər haqqında ümumiləşmə apararaq, onların mədəniyyət səviyyələrinin aşağı olduğunu iddia edirlər. Lakin bu, doğru yanaşma deyil. Bir-iki adamın pis olması, hər kəsin belə olacağına dəlalət etmir. Ərəblərlə bağlı videolar paylaşan media nümayəndələri də yanlış addım atırlar. Çünki bu hərəkətlər turistləri ölkəmizdən uzaqlaşdıra bilər.
- Bəzən restoranlarda istehlakçıların, xüsusilə də turistlərin hüquqları pozulur. Bununla bağlı ciddi tədbirlərin görülməsinin vaxtı çatmayıbmı?
- Bununla bağlı qanunda boşluq yoxdur. Qanunvericilikdə konkret tətbiq edilə biləcək mexanizm var. Sadəcə, turist özü ayıq olmalıdır. Bir şey sifariş edəndə menyüyə baxır və orada da hər qiymət yazılıb. Əgər onu aldadırlarsa, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bu halda dərhal müraciətə reaksiya veriləcək.