|
ABŞ və Türkiyə arasında bir çox məsələlər hələ də razılaşdırılmamış olaraq qalır.
Bu sözləri Axar.az-a Çavuşoğlu-Pompeo görüşünün nəticəsi ilə bağlı danışan millət vəkili Rasim Musabəyov deyib. Deputat bildirib ki, tərəflərin aralarındakı mövcud problemlərlə bağlı birgə çalışmaq barədə razılığa gəlməsi müsbət haldır:
“Bunun iki dövlət arasındakı münaqişəni səngidəcəyinə inanmaq istəyərdim. Ola bilsin ki, hansısa məsələlərlə əlaqədar razılaşma əldə olunub və gərginliyin artmasının qarşısı alınıb. Ancaq iki ölkə arasında bütün problemlərin həllini tapacağını düşünmürəm. Sadəcə, bu barədə indidən dəqiq fikir söyləmək olduqca çətindir. Ona görə ki, ABŞ və Türkiyə arasında bir çox məsələlər hələ də razılaşdırılmamış olaraq qalır və mövqelər kəskin fərqlənir. Üstəlik, hər iki nəhəng dövlətin bir çox problemləri var”.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Sinqapurda görüşüb.
M.Çavuşoğlu görüşdən sonra mediaya açıqlamasında ABŞ və Türkiyənin mövcud problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldiyini bildirib.