|
Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, bu gün ikinci finalçının adına aydınlıq gəlib.
Həlledici matça sonuncu vəsiqə uğrunda mübarizədə “Bavariya” ilə “Lion” qarşılaşıb. Bir gün əvvəl PSJ “Leypsiq” üzərində qələbə qazansa da, bu dəfə Fransa-Almaniya duelində ikincilərin təmsilçisi üstün olub.
"Lion" müvafiq olaraq “Yuventus” və “Mançester Siti”ni mübarizədən kənarlaşdırsa da, Bundesliqa çempionu ilə bacarmayıb. Münhen klubu Serj Qnabrinin birinci hissədəki dublu və Robert Levandovskinin son dəqiqələrdəki qolu sayəsində böyükhesablı qələbə qazanaraq, sensasiyaya imkan verməyib.
Beləliklə, avqustun 23-də Lissabonun “Da Luş” stadionunda baş tutacaq finalda PSJ ilə "Bavariya" üz-üzə gələcək. Turnirin qalibini müəyyən edəcək görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Çempionlar Liqası
Yarımfinal
19 avqust
23:00. “Lion” (Fransa) – “Bavariya” (Almaniya) - 0:3
Qol: Qnabri, 18, 33, Levandovski, 88
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
Lissabon. “Joze Alvalade” stadionu