|
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.
Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq.
Levice şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinya və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şocaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinya və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.
Qeyd edək ki, aprelin 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Millinin səfər oyunu üçün heyətini diqqətinizə çatdırırıq:
1. Rövşən Hüseynli - Araz-Naxçıvan
2. Emin Kürdov - EKOL
3. Cavad Məmmədov - Neftçi İK
4. Xətai Bağırov - Araz-Naxçıvan
5. Rizvan Fərzəliyev - Araz-Naxçıvan
6. Fineo De Arauxo - Araz-Naxçıvan
7. İsa Atayev - Araz-Naxçıvan
8. Amir Şocaei - Araz-Naxçıvan
9. Ramiz Çovdarov - Araz-Naxçıvan
10. Tofiq Mikayılov - EKOL
11. Eduardo Borges - ACCSS FUTSAL (Fransa)
12. Everton Kardoso - Levante (İspaniya)