|
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Polşa "Legiya"sına məxsus olan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferindən imtina edib.
"Report" xəbər verir ki, Zaqreb təmsilçisi Türkiyə "Başakşehir"inin 25 yaşlı hücumçu üçün Varşava klubuna rəsmi təklif göndərməsindən sonra fikrini dəyişib.
Forvardı təzminat ödəmədən heyətinə qatmağı planlaşdıran "Dinamo" İstanbul klubunun 750 000 avro dəyərində təklifindən sonra geri addım atıb.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.