|
"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
"Ağ-qaralar" Avstriyada "Rapid" klubunun qonağı olub.
"Allianz" stadionunda keçirilən görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 12-ci dəqiqədə "Rapid"in futbolçusu Nikolas Gerrit-Kün qapıçı İvan Brkiçlə təkbətək çıxsa da, topu qapının yanından vurub.
"Neftçi" 20-ci dəqiqədə itki ilə üzləşib. Zədələnən Azər Salahlının yerinə meydana Mert Çelik daxil olub. 7 dəqiqə sonra Vyana təmsilçisi növbəti dəfə hesabı açmağa yaxın olub. Ante Bayiçin zərbəsindən sonra top dirəyə dəyib. Ardınca, Mamadu Mbodj qola mane olub. Daha sonra Gerrit-Künün zərbəsi də qapı dirəyinə tuş gəlib.
37-ci dəqiqədə Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı Niklas Hedl imkan verməyib. 41-ci dəqiqədə "ağ-qaralar"ın təhlükəli hücumunda dəqiqlik çatmayıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb.
İkinci yarının əvvəlində də meydan sahibləri ardıcıl hücumlar qurub. 58-ci dəqiqədə Sayef əks-hücum zamanı 100 faizlik qol şansını boşa verib. Əvəzində 66-cı dəqiqədə "Rapid"in oyunçusu Marko Qrüll hesabı açıb. 71-ci dəqiqədə Sayef ikinci dəfə qapıçı ilə təkbətək qalsa da, bərabərlik qolunu vura bilməyib. 8 dəqiqə sonra Mboc topu qapı xəttindən çıxarmağa müvəffəq olub.
Qarşılaşmanın əsas vaxtı rəqibin 1:0 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub. 92-ci dəqiqədə Emin Mahmudovun cərimə zərbəsindən fərqlənməyə yaxın olsa da, top qapı dirəyinə dəyib. 100-cü dəqiqə zədələnən Kenni Sayefi isə Azər Əliyev əvəzləyib. 6 dəqiqə sonra isə Mboc yerini Ömər Buludova verib. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun qolu sayəsində fərqi daha da artırıb.
Beləliklə, rəqibinə 0:2 hesabı ilə uduzan "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşıb