|
2018.09.29 - 21:12
Sentyabrın 29-da Azərbaycan Topaz Premyer Liqasının altıncı turuna start verilib.
Axar.az xəbər verir ki, turun açılış matçında “Neftçi” klubu doğma meydanda “Səbail” komandasını qəbul edib. Oyunun favoriti sayılan “Neftçi” hesabı erkən qolla açıb. Müdafiəçilərin kobud səhvini “ağ-qara”lıların braziliyalı hücumçusu Dario bağışlamayıb - 1:0. Qoldan sonra yenidən fəal oyun nümayiş etdirən paytaxt təmsilçisi 25-ci dəqiqədə rəqibi ikinci dəfə məyus edib. Baqali Dabo adını tabloya yazdırıb - 2:0.
Matçın 42-ci dəqiqəsində Premyer Liqanın flaqmanı üçüncü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Belə ki, Dario iki müdafiəçini aldadıcı hərəkətlə keçərək qapıya dəqiq zərbə endirib və hesab arasındaki fərqi üç topa çatdırıb - 3:0.
“Neftçi” klubu fasiləyə böyük üstünlüklə yollanıb.
Fasilədən sonra “Səbail” klubu bir neçə əlverişli fürsətləri əldən verib. Oyunda son nöqtəni isə yenidən “Neftçi” klubu qoyub. Baqali Dabo özünün ikinci komandasının dördüncü qolunu vurub - 4:0.
“Neftçi”nin əzəli rəqibi Ağdamın “Qarabağ” klubu bu gün “Əlincə Arena” stadionunda çempionatın debütantı “Sabah” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
***
"Qarabağ" səfərdə Premyer Liqanın debütantı "Sabah"la üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib.
“Sabah” – “Qarabağ” - 0:2
Qollar: Miçel, 82, İnnosent Emeqara, 89.