|
UEFA Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra ölkələrin əmsallar cədvəlini açıqlayıb.
Report xəbər verir ki, sentyabrın 21-də Bakıda Norveç “Molde”sinə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın hesabına 0,500 xal əlavə edib.
Amma ölkəmizin mövqeyində hər hansı dəyişiklik baş verməyib. Azərbaycan 17,375 xalla yenə 29-cu pillədə qərarlaşıb. Bir pillə öndə olan Slovakiya ilə fərqi azaltmaq mümkün olmayıb. Bu ölkə təmsilçisi “Slovan”ın doğma meydanda “KI Klaksvik”i (Farer adaları) üstələməsi (2:1) buna imkan verməyib.
30-cu yerdəki Moldova (12,875 xal) ilə fərq isə artıb. Buna “Şerif”in doğma azarkeşləri önündə İtaliya təmsilçisi “Roma”ya uduzması (1:2) səbəb olub.
Qeyd edək ki, siyahıya İngiltərə (90,303 xal) başçılıq edir. İspaniya (78,864 xal) ikinci, İtaliya (73,141 xal) üçüncüdür.