|
Rusiyanın paytaxtı Moskvada ustalar arasında pauerliftinq üzrə növbəti dünya çempionatı keçirilib.
Oxu.az xəbər verir ki, oktyabrın 4-8 aralığında təşkil olunan yarışda Azərbaycan da təmsil olunub.
Ölkəmizi ustaların yarışında təmsil edən Ələddin Əliyev (110 kq) ən yüksək nəticəyə imza ataraq, dünya çempionu olub. Təcrübəli idmançı ümumi nəticədə 240 kq çəkinin öhdəsindən gələrək, bütün rəqiblərini üstələyib və Azərbaycan üçün dünya çempionatının qızıl medalını təmin edib.
İkinci dəfə dünyanın ən güclüsü olan Əliyev fikirlərini bölüşüb:
“İdmana müəyyən fasilə vermişdim. Daha sonra yenidən məşqlərimi bərpa etdim. İki ildir ki, davam edən məşqlərin yekununda ikinci dəfə dünya çempionu oldum. Bu gün, həqiqətən də, çox sevincliyəm”.
Qeyd edək ki, Ələddin Əliyev 1998-ci ildə də dünya çempionu olub. Zabit olan Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının prezidentidir.