|
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə milli komandası 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə əldə edib. “Qafqazinfo” xəbər verir ki, Latviya üzərindəki 4:0 hesablı qələbə ilə “ay ulduzlular” həm də tarix yazdılar.
Belə ki, Vinçentso Montellanın komandası ardıcıl 3-cü dəfə qitə birinciliyində oynayacaq. Bu Türkiyə millisinin tarixində ilkdir. Qardaş ölkə yığması 2016-cı ildə Fatih Terimin rəhbərliyi altında AÇ-də çıxış etmişdi. 2020-ci ildə isə onları Şenol Güneş turnirə daşımışdı. Sonuncu çempionatın 2 matçını Türkiyə Bakıda keçirmişdi.
Vinçentso Montella isə Türkiyə yığmasının “sükanı arxasında” Avropa Çempionatına vəsiqə qazanan ilk əcnəbi baş məşqçi kimi tarixə düşdü. Buna qədər eyni uğura yalnız yerli mütəxəssislər - Fatih Terim (AÇ-1996, 2008, 2016), Mustafa Denizli (AÇ-2000) və Şenol Güneş (AÇ-2020) nail olub.
Həmçinin, Türkiyə yığması Latviya üzərində ilk ev qələbəsini qazandı. Bundan əvvəl tərəflər 3 dəfə heç-heçəyə imza atıb. Maraqlısı isə budur ki, Türkiyə adıçəkilən rəqiblə yalnız 10-cu oyununda qapısını toxunulmaz saxlaya bildi. Bundan əvvəlki 9 görüşün hamısında latviyalılar “ay ulduzlular”ın qapısına yol tapa bilmişdi.
2015-ci il oktyabrın 13-də Türkiyə Konyada daha bir tarixi qələbə qazanmışdı. Həmin vaxt evdə oynayan Fatih Terimin komandası Fransada keçiriləcək yarışa vəsiqə qazanmaq üçün evdə İslandiyanı udmalı idi. Həmin vaxt qardaş ölkə yığması üstün oynasa da, 77-ci dəqiqədə Gökhan Törənin qırmızı vərəqə alması ilə çətin durmda qalmışdı. Buna baxmayaraq son dəqiqələrdə Selçuk İnanın cərimə zərbəsindən vurduğu mükəmməl qolla Türkiyə Avropa çempionatına vəsiqə əldə etdi. Bu dəfə də “ay ulduzlular” üçün Konya Böyükşəhər Bələdiyyə Stadionu əlamətdar oldu.