|
UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 14-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Trend-in məlumatına görə, baş məşqçi hər bir oyunun vacib olduğunu deyib:
“Çətin səfərdən sonra bu dəfə doğma meydanda fərqli oyun üslubuna malik komandaya qarşı çıxış edəcəyik. Qarşılaşmanın əhəmiyyətini dərk edirik və bütün fikrimizi bu matça yönəltmişik. İnanıram ki, futbolçularımız yenə ən yaxşı oyunlarından birini nümayiş etdirməyə çalışacaqlar”.
“Heyətdə dəyişiklik etməyi düşünmürük. Ancaq əsas məşqimiz sabah səhər saatlarında olacaq və heyəti konkret olaraq həmin hazırlıqdan sonra müəyyənləşdirəcəyik.
İstər rəqibə qol vurmaq, istərsə də qapımızdan top buraxmamaq üçün diqqətli olmalıyıq. Malta keçirdiyi hər üç oyunda qol vurmağı bacarıb. Sürətli əks-hücumlar qururlar. Onların Kosovo ilə keçirdikləri oyunu izləmişik. Kapitanları Mifsud oynamayacaq. Buna görə sevinmirəm. Əksinə, bu cür futbolçuların hər zaman komandalarına kömək etmələrinin tərəfdarıyam. Mifsud Malta millisi üçün vacib futbolçu olsa da, onun yoxluğunun komandasının oyununa ciddi şəkildə təsir edəcəyinə inanmıram”, - Qurbanov bildirib.