|
AFFA 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi ölkələrin xəritəsində Naxçıvanın Ermənistanın ərazisi kimi təqdim edilməsi ilə bağlı UEFA-ya müraciət ünvanlayıb.
Bu sözləri Axar.az-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. Onun sözlərinə görə, AFFA sözügedən qurumdan yanlışlığın aradan qaldırılmasını tələb edib.
Qeyd edək ki, bundan əvvəl Unikal.org saytı UEFA-nın rəsmi saytında 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi 13 ölkənin xəritəsində Naxçıvanın Ermənistanın ərazisi kimi qeyd edildiyini yazmışdı.
2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.