|
Londonun “Arsenal” klubunun ulduz futbolçularının iştirakı ilə keçirilən əyləncəli gecənin görüntüləri bütün dünyada rezonans doğurub.
Axar.az xəbər verir ki, “topçu”ların türk əsilli futbolçusu Məsud Özilin də aralarında olduğu, Sid Kolasinaç, Aleksandr Lakazet, Pyer Abumeyanq və Qunduzi kimi futbolçular “Mayfair”dəki “Tape” klubunda “qəhqəhə qazı” adlanan narkotik tərkibli maddədən istifadə ediblər.
Görüntülərdə futbolçuların maddəni qəbul etdikdən sonra huşsuz vəziyyətə düşməsi də əks olunub.
Sözügedən şənlikdə 12 futbolçu və 70 qadın iştirak edib. Futbolçular 30 min funt-sterlinq hesab ödəyiblər.
Artıq “Arsenal” klubu da qalmaqallı görüntülərə münasibət bildirib. Klubun sözçüsü futbolçularla bu barədə söhbət aparılacağını və onlara komandanın təmsilçiləri kimi öhdəliklərinin olduğunun xatırladılacağını bildirib.
Qeyd edək ki, “qəhqəhə qazı” adlanan “hippi krak”ın istifadəsi qanunla qadağan edilməyib. Amma oksidləşmiş azotdan ibarət olan bu maddə ölümə səbəb ola bilir. Maddənin səbəb olduğu oksigen çatışmazlığı səbəbindən istifadə edənlər əksər hallarda huşunu itirir.