|
Həbib Nurməhəmmədovla Konor Makqreqorla məlum döyüşündən sonra qaydasız döyüş növünə maraq həddən artıq artıb.
Axar.az xəbər verir ki, bu fikirləri İTV-də yayımlanan “Addım-addım” verilişinin qonağı olan idmançı və məşqçi Kamil Zeynallı bildirib.
İdmançı qeyd edib ki, MMA federasiyasının prezidenti Azad Əsgərovla söhbətində o da bunu təsdiqləyib və bildirib ki, bu idman növünə müraciət edənlər sürətlə artır:
“Valideynlər uşaqlarını daha çox Olimpiya Oyunlarına düşən idman növlərinə qoymağa çalışır. Nəticəsi olan idmanla məşğul olmaq həm idmançının özü üçün, həm də valideyn üçün stimulvericidir. Həbib Nurməhəmmədovun Konor Makqreqorla məlum döyüşündən sonra isə qaydasız döyüş idman növünə də maraq artıb. Ay ərzində bu idmanla məşğul olmaq üçün 100 adam müraciət edirdisə, sentyabrdan başlayaraq müraciətlər 300-400 nəfəri keçib. Hər bir oğlan uşağı qaydasız döyüşlə məşğul olmaq istəyir, bu səbəbdən də müraciət edirlər.
Azərbaycanın məşhur qaydasız döyüşçü və güləşçisi, qaydasız döyüş və güləş üzrə dünya çempionumuz olan MMA Federasiyasının prezidenti Azad Əsgərovla söhbət zamanı o da bunu təsdiqlədi. O da bildirdi ki, müraciət edənlər həddən artıqdır. Azad Əsgərov da bildirdi ki, gənclər arasında bu idmana maraq Həbibin döyüşündən sonra yaranıb”.
K.Zeynallı bildirib ki, marağın artmasına səbəb həm də dövlətin idmana və belə idman növlərinə olan münasibətidir:
“Bu yarışdan sonra idmançıya olan münasibət, dövlətin həmin idman növünə və onunla məşğul olan idmançılara dəstəyinin artması hər kəsi qaydasız idman növünə həvəsləndirib”.