|
Bu gün ikiqat mübarizə apardıq. Təəssüf ki, ilk matçda epizodları düzgün qiymətləndirə bilmədik. Həmin matçda qol vura bilsəydik, bugünkü qələbə bizə bəs edərdi.
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 finalında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri cavab matçından sonra söyləyib.
İtaliyalı mütəxəssis bildirib ki, mərhələ keçməməkləri klub və azarkeşlər üçün üzücü haldır: "Amma qarşıdan fasilə gəlir. Yaxşı hazırlaşmaq üçün imkanımız olacaq. Mövsüm ərzində zədəli və cəzalı oyunçular olur. Lakin heyətimizdən razıyam. Futbolçular tapşırıqları düzgün yerinə yetirdilər. Rəqib müdafiədən oynamağa, biz isə oyunu genişləndirməyə çalışırdıq. "Sumqayıt"ın futbolçuları vaxt uzatmağa çalışırdılar. Bu səbəbdən, hakimlərə etiraz edirdim".
R.Bordin qış fasiləsində heyətdə hansı dəyişikliklər olunacağı ilə bağlı sualdan yayınıb. O, bunun üçün kifayət qədər vaxtlarının olduğu söyləyib.
Qeyd edək ki, ilk matçda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdiyi üçün yarımfinala vəsiqə qazanan "Sumqayıt" "Zirə"yə rəqib olub.