|
Özümü dünyanın ən ağıllı insanı hesab etmirəm. Amma əslində axmaq da deyiləm. "Liverpul"un artıq çempion olduğunu düşünmək ən azı axmaqlıq olar.
Goal.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 20-ci turunda "Arsenal"ı 5:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Dünənki qələbədən sonra liderliyini möhkəmləndirən mersisaydlılar hazırda ən yaxın izləyicisi "Tottenham"i 9 xal qabaqlayır. Ancaq alman mütəxəssis bu fərqin heç bir önəm kəsb etmədiyini düşünür:
"9 xallıq fərq hələ heç nə demək deyil. Həqiqətən dekabrda komandanın neçə xalının olması vacib deyil. Çünki bütün suallara mövsümün sonunda aydınlıq gələcək".
Klopp "Arsenal"la matçdan əvvəl "Tottenhem"in xal itirməsindən xəbərdar olduqlarını söyləyib:
"Amma açığı, həmin vaxt daha çox öz oyunumuzu fikirləşirdik. Bizim həmin an şənlik təşkil etdiyimizi düşünürsünüz? Futbolçulardan hansınınsa buna görə paltardəyişmə otağında güldüyünü görmədim. Biz sadəcə, öz oyunumuza köklənməliyik".
Klopp sonda jurnaistlərə də söz atıb: "Əgər 3 xal itirsəydik, siz jurnalistlər o dəqiqə başlıq yazacaqdınız ki, "Onlar artıq əsəbləşirlər". Hər birinizin həqiqətən mənim yerimdə olmağını istərdim. Mən isə sizin yerinizdə olardım".
Qeyd edək ki, 54 xalı olan "Liverpul" hazırda 2-ci pillədəki "Tottenhem"i 9, 1 oyun az keçirən və 3-cü sırada qərarlaşan "Mançester Siti"ni isə 10 xal qabaqlayır.