|
Qarışıq döyüş sənətləri üzrə şirkətlə bağladığı müqavilə əsasında yapon kikboksçu Tenşin Nasukava ilə şou döyüşünə çıxan amerikalı boksçu Floyd Meyvezer rəqibini təxminən 2 dəqiqə ərzində nakauta salıb.
Qaynarinfo xəbər verir ki, Tokioda keçirilən döyüşdə 20 yaşlı rəqibi üzərində asan qələbə qazanan Meyvezer döyüş boyunca gülümsəməsi ilə diqqətlərdən yayınmayıb.
Döyüşün əvvəlində rəqibinə yüngül zərbələr vuran və əsasən müdafiə olunan amerikalı boksçu daha sonra ardıcıl zərbələrə başlayıb və 1 dəqiqənin tamamında yapon döyüşçünü yerə sərib. Yerə yıxıldıqdan 5-6 saniyə sonra ayağa qalxan Nasukava matça davam edib. Amma Meyvezerin zərbələrinə uzun müddət dözə bilməyib. 45 saniyə sonra qarnına və üzünə aldığı zərbələrlə yerdə qalıb.
Ayağa qalxan yapon döyüşçü Meyvezerin ardıcıl zərbələri ilə matçın bitməsinə 50 saniyə qalmış yenidən yıxılıb. Məşqçilərin rinqə çıxmasından sonra hakim matçı bitirərək amerikalı boksçunu qalib elan edib.
Bununla da Meyvezer məğlubiyyətsizlik rekordunu 51 döyüşə (peşəkar olmayan oyunlar daxil) yüksəldib. 41 yaşlı boksçu bu matçdan 9 milyon avro qazanıb.