|
Bugünlərdə İtaliyanın Milan şəhərində WFC döyüş növləri üzrə dünya çempionatı keçirilib. 40 ölkədən 400-dən artıq idmançının mübarizə apardığı yarışda ölkəmizin yığma komandası da qələbə uğrunda inamla mübarizə aparıb.
Milli komandanın tərkibində mübarizə aparan DİN-in Maddi Texniki Təminat Baş İdarəsinin əməkdaşı, polis serjantı Fariz Nəbiyev yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. Təmsilçimiz çəkisi 88 kiloqramadək olan idmançılar arasında Monako və İtaliyadan olan idmançıları məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.
Polis serjantı F.Nəbiyev yarış haqqında danışarkən qarşılaşmaların çox çətin olduğunu bildirdi: “Sevindiricidir ki, ümumilikdə ölkə idmanının səviyyəsi çox artıb. Bütün idmançılarımız dünyanın ən güclü idmançıları ilə qarşılaşmaq bacarığına malikdir. Ona görə də respublika çempionatında finala çıxan idmançı artıq, belə deyək, rahat nəfəs ala bilər ki, beynəlxalq miqyaslı yarışlarda da üstünlük qazanmaq şansı var.”
Sonda idmançımız yaradılan şəraitə və göstərilən qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirdi.
Qeyd edək ki, F.Nəbiyev artıq 20 ildir ki idmanla məşğul olur. Əlbəyaxa döyüş üzrə 2 dəfə dünya, 1 dəfə Avropa çempionudur. Respublika birinciliklərində də 12 dəfə qızıl medal qazanıb. Dəfələrlə beynəlxalq turnirlərdə baş mükafata layiq görülüb.
O, əlbəyaxa döyüşdən başqa idmanın karate və kiqboksinq növləri ilə də məsğul olur.
İdman ustası F.Nəbiyevin yetirmələri də uğurlar əldə edir, aralarında Avropa çempionu da var.