|
Bugünlərdə İtaliyanın Milan şəhərində WFC döyüş növləri üzrə dünya çempionatı keçirilib. 40 ölkədən 400-dən artıq idmançının mübarizə apardığı yarışda ölkəmizin yığma komandası da qələbə uğrunda inamla mübarizə aparıb.
Ölkəmizin yığma komandasının tərkibində DİN İdman Cəmiyyətinin təmsilçiləri də inamla yarışaraq favoritlər sırasında olublar.
Milli komandada təmsil olunan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı İbrahim Məmmədov yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. O, bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Sumqayıt ŞPİ-nin əməkdaşı, polis serjantı Xəyal Cəmilbəyli çəkisi 80 kiloqramadək olan idmançılar arasında finaladək irəliləyərək gümüş medala sahib olub.
Daha bir təmsilçimiz, DİN-in Maddi Texniki Təminat Baş İdarəsinin əməkdaşı, polis serjantı Fariz Nəbiyev çəkisi 88 kiloqramadək olan idmançılar arasında Monako və İtaliyadan olan idmançıları məğlub edərək dünya çempionatının bürünc medalına sahib olub.
Əldə etdikləri qələbə münasibəti ilə idmançılarımızı qəbul edən İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya, Avropa çempionu Zemfira Meftaxetdinova onları təbrik edərək daha böyük qələbələr, yeni nailiyyətlər arzulayıb.