Avtomobil bazarında yeniliklər: köhnə maşınlar bahalaşa, yerli istehsal arta bilər
"Köhnə maşınlardan imtina beynəlxalq bir tələb olduğuna görə, biz də bununla ayaqlaşmağa məcburuq”

Beynəlxalq avtomobil bazarında baş verən hadisələr, adətən, bu sahədə Azərbaycanın daxili bazarına da təsirsiz ötüşmür. Dünyada gedən proseslərdən danışarkən ötən ay beynəlxalq reytinq agentliyi olan "Fitch Ratings"in yayımladığı hesabatdakı məlumatı ön plana çəkmək yerinə düşər. Belə ki, agentlik ötən ay öz hesabatında bildirib ki, 2019-cu ilin sonuna qədər qlobal avtomobil satışı 3,1 milyon azalacaq. Bu isə 2008-ci ildən bəri dünya avtomobil bazarında ən kəskin azalma olacaq, amma faiz ifadəsində ötən ildə azalma yüksək həddə çataraq 5% təşkil edib. Hesabata əsasən, bu il dünya bazarına ən mənfi təsiri Çində avtomobil satışlarının azalması göstərəcək. Belə ki, 2019-cu ilin sonuna qədər Çində satışların 2,1 milyon azalaraq 21,6 milyona qədər enəcəyi gözlənilir. Hesabatda ABŞ bazarında da avtomobil satışının azalaraq 16,9 milyona, Qərbi Avropa bazarında isə 14 milyona düşəcəyi qeyd edilib”.

Azərbaycanda isə avtomobil bazarı ilə bağlı önəmli məqamlardan biri ölkəyə idxal edilən köhnə avtomobillərə tətbiq edilən aksiz vergisinin artırılması ilə bağlı gözləntilərin mövcudluğudur. Belə ki, Dövlət Gömrük Komitəsindən bildirildiyinə görə, yaşı 7 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulması barədə komitə tərəfindən hökümətə təklif verilib. Təklifə əsasən, 2020-ci ildən etibarən istehsal müddəti 7 ildən yuxarı olan, istifadə olunmuş və Azərbaycana idxal olunan avtomobillərə görə alınan aksiz vergisi artırıla bilər.

Avtosfer.az xəbər verir ki, bu barədə “Report” aksiz vergisinin artırılmasının, eyni zamanda beynəlxalq bazarda gedən tendensiyaların Azərbaycanın avtomobil bazarına, o cümlədən yerli avtomobil istehsalı müəssisələrinin planlarına nə kimi təsir göstərəcəyini araşdırıb.

 

MBA konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov "Report"a verdiyi açıqlamada bildirib ki, aksiz vergisinin artırılması bazarda orta qiyməti də artıra bilər: "Əvvəllər dünya ölkələrində avtomobillərdən istifadə üstünlük təşkil edirdi. Lakin son 10-15 ildə vəziyyət bir qədər dəyişib. Belə ki, artıq inkişaf etmiş ölkələrdə insanlar avtomobil sürməyin sağlamlığa zərərli olduğunu düşünürək ondan imitna edirlər. Əvəzində isə velosipeddən istifadə və ya piyada gəzintiyə üstünlük verirlər. Qeyd edim ki, son 50 ildə dünyada ekoloji tarazlığın da pozulmasının əsas səbəblərindən biri avtomobil istifadəsidir. Odur ki, dünyanın inkişaf etmiş ölkələri avtomobillərin sayını azaltmaq üçün onların istehsal tələblərini sərtləşdirir, eyni zamanda köhnə avtomobilləri istismardan çıxarırlar. Azərbaycanda köhnə avtomobillərin idxalının məhdudlaşdırılması və bu məqsədlə onların idxalı zamanı alınan aksiz vergisinin artırılması da, ilk növbədə, dünyada gedən bu ekoloji siyasətin bir tərkib hissəsidir.

90-cı illərin əvvəllərində Azərbaycana köhnə avtomobillərin idxalı üstünlük təşkil edirdi. Bu da avtomobil qəzalarının sayını artırır və ekoloji tarazlığın pozulmasına səbəb olurdu. Bu gün köhnə maşınlardan imtina beynəlxalq bir tələb olduğuna görə biz də bununla ayaqlaşmağa məcburuq. Buna görə də həmin köhnə avtomobillərin idxalına müəyyən məhdudiyyətlər qoyulur. Bu prosesin həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət cəhət kimi ekoloji tarazlığın qorunmasını, qəzaların minimuma endirilməsin göstərmək olar. Eyni zamanda köhnə avtomobil idxalının məhdudlaşdırılması ölkə daxilində avtomobil istehsalını da artıra bilər. Bizim zavodlarda istehsal edilən avtomobillərin qiyməti nisbətən ucuz və təmiri də daha rahat olur. Nəticədə ölkəyə köhnə avtomobil gətirilməsi azalacağı təqdirdə, təzə xarici avtomobil almağa maddi imkanı çatmayan əhali yerli avtomobillərə üz tuta bilər. Elə köhnə avtomobillərdən imtina etməyin mənfi cəhəti də bəzi alıcıların təzə avtomobil almağa gücünün çatmaması ilə bağlıdır. Dövlət həmin alıcıları nəzərə alaraq ölkə daxilində ucuz avtomobil istehsalının keyfiyyətini və həcmini artırmalıdır. Əgər bu balans yaradılmasa, köhnə avtomobillərin təklif portfelindən çıxarılması ölkənin avtomobil bazarında orta qiyməti artıra bilər. Çünki bazarda orta qiyməti həm yeni, həm də köhnə avtomobillər formalaşdırır".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da köhnə avtomobillərin qiymətində nisbi artım ehtimalının olmasını qeyd edib: "İstifadə müddəti 7 ildən artıq olan avtomobillərin idxalı zamanı alınan aksiz vergisinin artırılması ölkəyə köhnə maşınların gətirilməsini müəyyən dərəcədə azalda bilər. Odur ki, bu plan ekoloji vəziyyətin qorunması baxımından təqdirəlayiqdir. Lakin bu proses fundamental olmalı və kompleks şəkildə həyata keçirilməlidir. Hazırda Bakıya köhnə avtomobillərin gətirilməsi davam etdirilir. Bunun qarşısını almaq üçün isə idxal zamanı köhnə avtomobillərdən alınan aksiz vergisi artırılmalı, təzə avtomobillərdən alınan isə azaldılmalıdır. Bu halda vətəndaşlar xaricdən köhnə deyil, təzə avtomobil gətirməyə üstünlük verəcək.

Nəticədə ekoloji təmiz avtomobillərin gətirilməsi və avtomobil parkının yenilənməsi üçün stimul yaranacaq. Belə bir tarazlaşdırma olmasa vətəndaşlar əziyyət çəkəcəklər. Bizə isə həm vətəndaşın əziyyət çəkməməsi, həm ekologiyaya zərər dəyməməsi, həm də büdcə daxilolmalarının artması lazımdır. Aksiz vergisinin artırılması daxili bazarda qiymətlərin bir qədər yüksəlməsinə təkan verəcək. Köhnə avtomobillərin qiymətində nisbi artımlar müşahidə olunacaq".

Ekspert beynəlxalq bazarda gedən proseslərin Azərbaycan bazarına təsiri məsələsinə də toxunub: "Fitch Ratings" agentliyi ilə paralel olaraq bir neçə başqa beynəlxalq qurumların hesabatlarında avtomobil istehsalının çoxşaxəli inkişaf etdiyi, yəni genişləndiyi göstərilir. Bu, o deməkdir ki, ənənəvi yanacaqla işləyən avtomobillərdən əlavə, elektromobillərin və hibrid avtomobillərin də istehsalı artırılır. Hələ ki, avtomobil istehsalı zavodlarında perekvalifikasiya prosesi gedir. Yəni əvvəllər zavodlar yalnız dizel və benzin mühərrikli maşınlar isteshal edirdisə, indi özlərini hibrid və elektromobil isteshalına hazırlayırlar. Bununla əlaqəli beynəlxalq avtomobil istehsalında müəyən durğunluq olsa da, bu müvəqqəti bir haldır. Həmin perekvalifikasiya prosesi başa çatdıqdan sonra zavodların istehsal tempi yenidən artacaq. Odur ki, hazırda qlobal anlamda avtomobil sektorunun genişləndiyini, yeni istehsal müəssisələrinin yarandığını deyə bilərik. Düşünürəm ki, bu genişlənmə ən azı 2023-cü ilə qədər davam edəcək.

Azərbaycanda isə elə də böyük avtomobil bazarı yoxdur. Vətəndaşlarımızın illik avtomobil tələbatı, təqribən, 40 mindir. Yerli zavodlar isə hələ ki, bu sayı qarşılaya bilmir. Odur ki, xaricdən Azərbaycana avtomobil idxalı davam edəcək və sözügedən beynəlxalq tendensiyalar bizim daxili bazara mənfi təsir etməyəcək. Azərbaycana idxal o zaman azala bilər ki, bizim milli valyutada və iqtisadiyyatımızda azalma olsun. İndiki vəziyyətdə valyuta sabit qalırsa, onda beynəlxalq proseslərin bizim daxili bazara mənfi təsiri olmayacaq".

Naxçıvan Avtomobil Zavodunun direktoru Səxavət Hümbətov "Report"a bildirib ki, növbəti ildə zavod öz istehsalını artıracaq: "2019-cu ildə Naxçıvan Avtomobil Zavodu təsisçi dəyişikliyi ilə əlaqədar olaraq istehsalı müvəqqəti olaraq dayandırmışdı. Amma 2020-ci ildə istehsal göstəricilərinin artırlması nəzərdə tutulub. Yeni modellərin istehsalı və satışı ilə bağlı planlarımız var. Elə təkcə “Sedan” tipli modelləri götürsək, 250-300-dən çox avtomobil isteshalını nəzərdə tutmuşuq. Digər modellərlə birlikdə isə növbəti ildə 500-dən çox avtomobil istehsalı planlaşdırılır. Xaricə ixrac ilə bağlı hələ ki, heç bir konkret planımız yoxdur. Hədəfimiz daxili bazar üzrə istehsalı genişlətməkdir".

“Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov da 2020-ci ildə zavodun öz istehsalını artıracağını qeyd edib: "Dünya bazarlarında gedən bu proseslərin bizə heç bir mənfi təsiri olmayacaq. Növbəti ildə istehsalda birmənalı artım olacaq. 2020-ci ildən Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı planlaşdırılır. Hələ ki, sənədləşmə və sertifikasiya prosesləri gedir. Bu proses sona çatan kimi ixrac başlanacaq. Növbəti ildə Ukraynaya da avtomobil ixracı nəzərdə tutulub. Ukraynadan bizə müraciətlər var. Yəqin ki, ora avtomobil ixracı həyata keçirəcəyik. Hazırda ixrac həcmi və digər məsələlər müzakirə predmetidir. Onlar da nümunə kimi bir neçə avtomobil götürüb sertifikasiyadan keçirməlidirlər. Bu, bir az zaman aparan prosesdir. Müəyyən prosedur qaydaları var ki, hələ ki, onları keçirik. Bu prosedurları keçmək isə tez başa gəlmir. Sertifikasiyadan keçəndən sonra növbəti ildən Rusiya və Ukraynaya ixrac gözlənilə bilər".

26 Noyabr 2024 Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası təsdiqləndi
25 Noyabr 2024 ADY COP29 dövründə: Dayanıqlı, təhlükəsiz və rahat
25 Noyabr 2024 Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
25 Noyabr 2024 Nazirdən iş yerləri ilə bağlı xoş xəbər
25 Noyabr 2024 Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır
23 Noyabr 2024 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
23 Noyabr 2024 Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
20 Noyabr 2024 Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
20 Noyabr 2024 Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
20 Noyabr 2024 Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
19 Noyabr 2024 Avropanın qaz anbarları sürətlə boşalır: Son 5 ilin ən pis göstəricisi...
19 Noyabr 2024 Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama
19 Noyabr 2024 Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır
19 Noyabr 2024 Neftdən qeyri neft-qaz sektoruna keçid başlayır
18 Noyabr 2024 Bakı-Ağstafa marşrutuna əlavə reyslər təyin edilir
18 Noyabr 2024 “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət üçün elektron tərəzi quraşdırılır FOTO
15 Noyabr 2024 SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib
14 Noyabr 2024 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıracaq
12 Noyabr 2024 Azərbaycanda "Bitcoin"i hardan almaq olar?
12 Noyabr 2024 BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik

Xəbər lenti