|
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.
Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərini 2020-ci ildə də davam etdirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumatda qeyd edilib ki, imzalanan sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.
Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 15 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kv.m-ə yaxındır.
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Bu Pirşağı qəsəbəsi üzrə A.Ağazadə və Ə.Məlikov küçələri, Bağlar massivi, Maştağa qəsəbəsi üzrə S.Vurğun küçəsi, Zabrat qəsəbəsi üzrə R.Axundov küçəsi, Ramana qəsəbəsi üzrə İ.Rəhmanov, M.Qafarov, C.Cabbarlı və Xanlar küçələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.
Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.