|
"Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir. Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib. "Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik", - o deyib.
Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum "Bənövşəyi xətt"də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib: "Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir. Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub. Məsələn, "Nizami" və "Memar Əcəmi" stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur".