|
Baş Dövlət Yol Polisi İdarəsi dekabrın 17-i səhər saatlarında Bakı-Quba yolunda iki nəfərin ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barəsində məlumat yayıb. İdarədən Yol-xeber.az-a bildirilib ki, dekabr ayının 17-də, təxminən saat 05:45 radələrində Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun 32-ci kilometrliyində Saatlı rayon Şirinbəy kənd sakini, 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlu idarə etdiyi "Standart Lizing" MMC-yə məxsus "Hova" markalı 90 JR 522 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə içərisi dolu yüklə hərəkətdə olarkən idarəetməni itirərək dəmir məhəccərə çırpılaraq aşıb. Nəticədə sürücü və sərnişin Rəşad Rəhimov hadisə yerində vəfat edib.
Hadisə günün qaranlıq vaxtı, süni işıqlandırma olmayan ərazidə baş verib. İlkin məlumata görə, hadisə sürücünün iş və istirahət rejiminə əməl etməməsi, fasiləsiz olaraq Bakı-Quba istiqamətində 16-17 dekabr tarixlərində 13 saat nəqliyyat vasitəsini idarə etməsi və anidən yuxulamasi səbəbindən törədilib.
Hadisə ilə bağlı araşdırma aparılır.