|
İyun ayının 20-si axşam saatlarında Sumqayıt şəhər sakini Rəşad Abdullayev Şamaxı rayonu istiqamətində olan karantin postundan icazəsi olmadan keçməyə cəhd edib, lakin geri qaytarılıb. Sürücü yenidən posta yaxınlaşaraq bu dəfə polis əməkdaşları ilə məqsədli şəkildə mübahisə yaradıb və geri qayıtmaq əvəzinə əks istiqamətli yola çıxaraq hərəkətini davam etdirib. Karantin postunu qanunsuz keçən və polisin qanuni tələblərinə tabe olmayan sürücü növbəti postda məcburi qaydada saxlanılıb. Bu dəfə də sürücü tabesizlik göstərərək yol polislərinə qarşı kobudluq nümayiş etdirdiyinə görə barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarına əsasən Rəşad Abdullayev 15 gün müddətində inzibati qaydada həbs olunub. O, tutduğu əməldən peşiman olduğunu bildirib.